"Ölkəyə 1 milyon 511 min 330 manat məbləğində maddi ziyan vurulub"
Laçında ağacların kütləvi kəsilməsi ilə əlaqədar cinayət işinə başlanıb.
Baş Prolurorluğun yaydığı məlumatda belə deyilir.
Bildirilir ki, həmin ağaclar Ermənistan Silahlı Qüvvələri tərəfindən kəsilib: “Laçın rayonunun işğaldan azad olunmasından az müddət öncə 1818 ədəd müxtəlifcinsli, köküstdə çoxillik ağacların kəsilməsinə və ölkəyə 1 milyon 511 min 330 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib”, – qurum bildirir.
Baş Prokurorluq bildirir ki, bununla bağlı Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq hərəkətləri aparılır.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.
Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.
Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.
Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qalıb.