Naxçıvanda itkin düşən əsgər Hüseyn Axundov aprelin 13-də Ermənistan ərazisində tapılıb. Sosial mediada onun saxlanılarkən döyüldüyünü əks etdirən görüntülər yayılıb. Azərbaycan Baş Prokurorluğu əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftaretmə maddəsi ilə cinayət işi başladıb.
“Oğlum Hüseyndən başqa heç nə istəmirəm. Aqşin anasının yanına, Hüseyn də mənim də yanıma qayıtsın. Balalarımız bizə qayıtsın, başqa heç nə istəmirəm”- anası Şəlalə Axundova deyir.
Azərbaycan tərəfi itkin düşən iki hərbçinin Şahbuzda dumanlı hava şəraiti nəticəsində yollarını azdığını bildirmişdi. İndi o duman ana Şəlalə Axundovanın gözlərindən çəkilmir. Oğlunun tezliklə qaytarılmağını istəyir.
“Nə Aqşin Bəbirov, nə də Hüseyn heç bir vəzifə daşımayıblar. Sıravi əsgər olublar. Bizə ilk dəfə deyildi ki, onları göndəriblər post yoxlamağa, hava dumanlı olduğu üçün oradan da itkin düşüblər. Hətta mən Müdafiə Nazirliyi qarşısında dedim ki, niyə mənim heç bir səlahiyyəti olmayan uşağımı gecə saatlarında post yoxlamağa göndərirlər ki, o da itkin düşür o havada”.
Şəlalə Axundova ovcunda oğlunun son əməyini – əsgərlikdə ayaqqabı ipindən bacısı üçün hazırladığı əl işlərini tutub. Ananın yeganə təsəllisi uşaqlarını çətinliklərlə böyütməsi, nəticədə Hüseynin əziyyətə dözümlü olmasıdır.
“Mənim balam çox zəhmətkeşdir. 9-10 yaşlarından iki qardaş gedib onun-bunun həyətində işləyib, pul qazanıb, mənə baxıblar. Onun həyətini belləyiblər, bunun zibilini atıblar, pul qazanıblar. Bu qəsəbədə hamı şahiddir ki, mən uşaqlarımı fitrə, nəzir-niyazla böyütmüşəm. Hüseynin ümidi hərbidə qalmaq idi. Deyirdi, gəlib hambal işləməkdənsə, hərbidə qalacam. MAXE olub, səni müalicə etdirəcəm. Amma elə olmadı axı. Sözünün üstündə durmadı. Məni aparmaqdansa, özü yoxa çıxdı”.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hərbçilərlə bağlı beynəlxalq təşkilatlara üz tutub. Qurum onların Ermənistan ərazisində saxlanılma ehtimalını nəzərə alaraq, azad olunmaları üçün təşkilatlara rəsmi müraciət edib.