Baş prokurorluq həbsxanada vəfat edən Aydın Qurbanova işgəncə verilməsini təkzib edib

Bildirilib ki, Aydın Qurbanov xəstəliyi ilə əlaqədar martın 15-də Penitensiar xidmətin Müalicə müəssisəsinə köçürülüb, ancaq intensiv müalicəsi aparılmasına baxmayaraq iyulun 9-da vəfat edib

Source:


''Bədəni üzərində xəsarət izləri aşkar edilməyib''


Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar xidməti

iyulun 10-da həbsxanada vəfat edən Aydın Qurbanovla bağlı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 1967-ci il təvəllüdlü Aydın Qurbanov ayrı-ayrı dövrlərdə silah işlətməklə quldurluq, yaşayış sahəsinə girməklə oğurluq, xuliqanlıq, fahişəliyə cəlb etmə əməllərinə görə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsi, 207.1-ci maddəsi, 243.1-ci maddələri ilə 3 dəfə məhkum edilib.

“Aydın Qurbanovun ötən ilin 3 iyul tarixində mütəşəkkil dəstə tərkibində birləşərək Gəncə şəhərində baş vermiş terror aktı, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair dövləti cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edilib. Ona görə də o iyulun 30-da Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin istintaq təcridxanasına yerləşdirilib”.

Məlumatda deyilir ki, istintaq zamanı Aydın Qurbanovun bacısı oğlu Hamlet Abdullayevin ifadəsi əsasında onun evində məhkəmənin qərarı ilə aparılan axtarış zamanı çardaqdan ayrı-ayrı cinayətlərdə istifadə etdiyi 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahı, 1 ədəd “Makarov” markalı, 1 ədəd “Marqolin” markalı tapançalar, 508 ədəd avtomat və tapança patronları, 9 ədəd sandıqça və sair döyüş sursatı hal şahidlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla aşkar edilərək maddi sübut kimi götürülüb.

Bildirilib ki, Aydın Qurbanov xəstəliyi ilə əlaqədar martın 15-də Penitensiar xidmətin Müalicə müəssisəsinə köçürülüb, ancaq intensiv müalicəsi aparılmasına baxmayaraq iyulun 9-da vəfat edib:

“A.Qurbanovun həyat yoldaşı və müdafiəçisinin müraciətləri ilə əlaqədar onun barəsində 31 may 2019-cu il tarixdə məhkəmə-tibb ekspertizası təyin olunub və onun saxlanıldığı şəraitdə həkimlərin nəzarəti altında müalicəsinin davam etdirilməsinin mümkünlüyü barədə rəy verilib”.

Məlumatda Aydın Qurbanova işgəncə verilməsi barədə məlumatlar təkzib edilib:

“Bəzi kütləvi informasiya vasitələrində A.Qurbanova guya işgəncə verilməsi nəticəsində vəfat etməsi barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir. İstintaq təcridxanasında və müalicə müəssisəsində olduğu dövrdə ona işgəncələr verilməsi ilə əlaqədar özü və ya qohumları tərəfindən hər hansı müraciət daxil olmayıb, eləcə də müalicə aldığı dövrlərdə müayinə zamanı və vəfat etdikdən sonra meyitə baxış keçirilərkən bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib”.

A.Qurbanovun həyat yoldaşı Məhbubə Məmmədova xeyli zaman idi onun vəziyyətinin ağır olduğunu, artıq qan qusduğunu bildirir, azadlığa buraxılması üçün müxtəlif dövlət orqanlarına müraciət edirdi. Həyat yoldaşının sözlərinə görə, A.Qurbanov həbs olunandan sonra xərçəng xəstəliyinə tutulmuşdu.

“Onun heç olmasa, ev dustaqlığına buraxılması üçün bir neçə dəfə məhkəməyə müraciət olunmuşdu. Məhkəmə vəsatətləri rədd edirdi. Hətta Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyev ona demişdi ki, “görürəm, vəziyyətin ağırdı, ölürsən, amma səni buraxa bilmərəm”. Təxminən bir ay öncə ekspertiza rəy vermişdi ki, durumu elə də ağır deyil, həbsdə saxlanıla bilər. Bizə maraqlıdır ki, indi o ekspert öz vicdanına necə cavab verir? Ən azı, gəlib ailəsinin yanında da ölməyinə imkan vermədilər”, –

A.Qurbanovun yaxınları

bildirib.

A.Qurbanovun evindən silah-sursat tapıldığı iddia olunur. Həyat yoldaşı isə bildirir ki, bu ittiham saxtadır. M.Qurbanovanın sözlərinə görə, öncə A.Qurbanovun bacısı oğlu Hamleti həbs ediblər. Onun yanına dayısı A.Qurbanov yemək aparır, onun hüquqlarının müdafiəsi üçün vəkil tutubmuş: “Acığa düşüb Aydını da tutdular”.

Ana səhifəXəbərlərBaş prokurorluq həbsxanada vəfat edən Aydın Qurbanova işgəncə verilməsini təkzib edib