Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb
Bakıda 30-dək şam ağacının qanunsuz kəsildiyi bildirilir.
Hadisənin Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində söküntü işləri aparılarkən baş verdiyi açıqlanıb.
Məlumatı Baş Prokurorluq yayıb.
Bildirir ki, faktlar bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb: “Məlum olub ki, hadisə vəzifəli şəxsin qulluq mənafeyi tələb etdiyi halda öz səlahiyyətlərindən istifadə etməməsi nəticəsində baş verib. Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi, 9K ünvanında 0.7681 ha ərazidə söküntü işləri aparılıb. Bu zaman orada mövcud olmuş meşə fonduna daxil olmayan 15 ədəd, cəmi 31 min 500 manat dəyərində 15 ədəd bioloji inkişafda olan şam ağacları kəsilib”.
Prokurorluq bildirir ki, faktla bağlı Baş prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə tapşırılıb: “Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq tədbirləri davam etdirilir. Eyni zamanda ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb”.