Baş Prokurorluq Babayana və Mnatsakanyana elan edilmiş ittihamları açıqladı

Baş Prokurorluq. Foto: Meydan TV

Hər iki şəxsin Dövlət Təhlükəsizliyi Xİdmətinin istintaq təcridxanasına etap olunduğu bildirilir

Baş Prokurorluq saxlanılmış separatçı qurumun “prezident aparatı rəhbərinin müavini” Davit Klimoviç Babayana və rejimin sabiq “müdafi’ naziri” Lyova Mnatsakanyana elan edilmiş iittihamla bağlı məlumat yayıb.

Məlumata görə, Davit Babayanın milli düşməçilik və nifrət aşılayan, terrorçu qruplaşmaları əlaqələndirən fəaliyyətlə məşğul olmasına, o cümlədən 2020-ci il oktyabrın 17-də Gəncə şəhərinin müdafiə olunmayan və mülki əhalinin yaşadığı əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları hədəfə almaqla, ballistik raketlərdən istifadə edib çoxsaylı mülki şəxslərin ümumi təhlükəli üsulla, xüsusi amansızlıqla, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik zəminində qəsdən öldürülməsi və yaralanması ilə bağlı cinayətləri təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Buna görə də ona qarşı təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə və digər çoxsaylı maddələrlə cinayət işi açılıb.

Bildirilir ki, cari il sentyabrın 29-da D.Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilib.

Bundan başqa, 58 yaşlı Xocavənd rayon sakini, 2015-2018-ci illərdə qondarma rejimin “müdafiə naziri” vəzifəsində işləmiş Lyova Mnatsakanyana da ittiham elan edilib.

Məlumata görə, istintaq müəyyən edib ki, o, qabaqcadan əlbir olduğu şəxslərlə birgə 2002-ci il mayın 8-də beynəlxalq humanitar hüquqla müdafiə olunan İlham Yusif oğlu Məmmədovu və digər əsir düşmüş azərbaycanlıları Füzuli rayonunun Alxanlı kəndi ərazisində əsir götürərək, Füzuli şəhərində yerləşən hərbi hissədə milli ədavət zəminində çoxsaylı işgəncələr verib və həmin il noyabrın 19-dək onu əsirlikdə saxlamalarına əsaslı şübhələr müəyyən edilib.

Lyova Mnatsakanyan və Davit Babayan

Lyova Mnatsakanyanın 2006-cı il noyabrın 8-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediməsi barədə qərar qəbul edilib və həmin il noyabrın 14-də müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.

Bildirilir ki, cari il sentyabrın 29-da L.Mnatsakanyan Laçın Sərhəd Buraxılış məntəqəsindən Ermənistana keçmək istəyərkən saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona qeyd olunan maddə ilə ittiham elan edilib.

Hər iki şəxs barəsində həbs qətiman tədbirinin seçilməsinə dair məhkəmə qərarı icra olunaraq Dövlət Təhlükəsizliyi Xİdmətinin istintaq təcridxanasına etap olunmuşlar. Hazırda cinayət işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – deyə məlumatda vurğulanır.

Sentyabrın 27-də separatçı “Dağlıq Qarabağ”ın keçmiş “dövlət naziri” Ruben Vardanyan həbs olunub.

Sentyabrın 29-da Dövlət Sərhəd Xidməti separatçı “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Lyova Henrixi Mnatsakanyanı Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlayıb.

Elə dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan vətəndaşı Davit Manukyanı həbs edib. DTX onu Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs etdiyini bildirib.

David Babayan 1973-cü ildə Xankəndidə doğulub. 1989-cu ildə şəhərin 8 saylı rus orta məktəbini bitirib, elə həmin il də Yerevan Xalq Təsərrüfatı İnstitutuna iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə daxil olub.

O, 1997-ci ildə Ermənistan Amerika Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib.
D.Babayan 2018-ci ildə Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb.

1998-1999-cu illərdə tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın (DQR) Xarici İşlər Nazirliyinin Siyasi İdarəsinin ikinci katibi vəzifəsində çalışıb.

Ana səhifəSiyasətBaş Prokurorluq Babayana və Mnatsakanyana elan edilmiş ittihamları açıqladı