İlham İsmayıl: ”Vəhhabilər həmişə fəaliyyətdə olub, amma xüsusi xidmət orqanlarının diqqətini cəlb edə bilməmişdilər”
“Azərbaycanda vəhhabi təriqəti ilə məşğul olan şəxslər fəallaşıb”.
Bunu Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov “Trend”-ə açıqlamasında
deyib.
Onun sözlərinə görə, vəhhabilər və digər dini cərəyan nümayəndələri Azərbaycanda qadın və azyaşlıları bu işə cəlb edir:
“Həmin təriqət üzvlərinə qarşı aparılan mübarizə nəticəsində 16 nəfər terrorçu məhv edilib. Əməliyyatlar zamanı 21 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının fəaliyyəti nəticəsində başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün 258 nəfərin vətəndaşlığı ləğv edilib”.
Sentyabrın 24-də mətbuata bu barədə açıqlama verən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, rəisi, general-leytenant Mədət Quliyev
deyirdi ki
, indiyədək 900 Azərbaycan vətəndaşı İŞİD terror təşkilatına qoşulub. O, 85 nəfərin hazırda həbsdə olduğunu, 195 nəfərin isə vətəndaşlıqdan çıxarıldığını bildirmişdi.
Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev isə dekabrın 14-də deyib ki, bu il Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanuna zidd təbliğat apardığı üçün 159 nəfər şəhər və rayon poliş şöbələrinə
gətirilib.
Onun sözlərinə görə, həmin şəxslərdən 2 nəfər cinayət məsuliyyətinə, 139 nəfəri isə inzibati məsuliyyətə cəlb edilib:
“Həmin şəxslərdən 3 ədəd tüfəng, 12 ədəd patron, 168 ədəd dini ədəbiyyat, 144 ədəd CD, DVD və audiokaset, 115 ədəd broşür və digər vəsait götürülüb. İnzibati məsuliyyətə cəlb olunan şəxslərdən 2 nəfər həbs olunub, 50 nəfər 82 500 manat məbləğində cərimə edilib, 73 nəfərə xəbərdarlıq olunub. 4 nəfər azyaşlı barədə isə müvafiq tədbir görülməsi üçün toplanmış materiallar yerli icra hakimiyyətləri yanında komissiyalara göndərilib”.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl əksini düşünür. Ekspert Meydan TV-yə deyib ki, vəhhabilər əvvəldən fəal olublar. Əvvəlki illərlə müqayisədə isə bu il o qədər də diqqət çəkməyiblər: “Sadəcə, onların fəallığı İŞID-ın sonunun yaxınlaşdığı ərəfəyə düşdü, bir növ bu terrorçu dəstəyə yeni qüvvələrin cəlb olunması prosesi getdi. İkinci, vəhhabilər həmişə fəaliyyətdə olub, amma xüsusi xidmət orqanlarının diqqətini cəlb edə bilməmişdilər. Görünür, xüsusi xidmət orqanları yaxşı işləməyib, yaxud onlar kifayət qədər məxfi işləməyi bacarıblar”.
İlham İsmayıl hesab edir ki, vəhhabilərin dünyada və regionda fəallaşması dayanmayacaq, yalnız arada səngimələr ola bilər:
“Bundan sonra onlar İŞID-ın başqa bir formasında ortaya çıxacaq, bu üzə çıxanların müəyyən tərəfləri də Azərbaycanda olacaq”.