"Abşeron Rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb”
Yerli media Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Abşeron rayonunda əməliyyat keçirməsi ilə bağlı məlumat yayıb.
Həmin məlumatda bildirilir ki, əməliyyat zamanı icra hakimiyyətinin bir neçə əməkdaşı həbs edilib.
Baş Prokurorluq isə informasiyaların dəqiqləşdirilməmiş yayıldığını deyir:
“Bəzi media qurumlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron Rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur”.
Baş Prokurorluq xahiş edir ki, cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilsin.
Sözügedən icra hakimiyyətinin başçısı 58 yaşlı İradə Akif qızı Gülməmmədova ixtisasca həkimdir. 1986-cı ildə Bakı şəhər 6 saylı uşaq xəstəxanasında pediatr-interna olaraq çalışan İradə Gülməmmədova, 1986-cı ildən 1995-ci ilə qədər Balakən rayon xəstəxanasında pediatr-neonotaloq işləyib. İ.Gülməmmədova 1995-2006-cı illərdə Abşeron rayonunda yerləşən uşaq poliklinikasına baş həkim təyin olunub. 2006-2014-cü illərdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, 2014-2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb. 2015-ci ilin sentyabrından Prezident İlham Əliyev tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin 26 dekabr 2012-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 1998-ci ildən Yeni Azərbaycan partiyasının üzvüdür. Sələfi hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcovdur. Məhz onun dövründə vəzifəyə təyin olunub və müavini olaraq fəaliyyət göstərib.
Bu ilin əvvəlində Meydan TV İradə Gülməmmədovanın özünə və ailə üzvlərinə məxsus şirkətlərlə, mülklərlə bağlı silsilə
araşdırmalar
təqdim edib. Həmin araşdırmalarda həmçinin Abşeron rayonunda tender qalibləri barədə də söz
açılıb
.
Abşeron Rayon İcra Hakimiyyəti axtarış aparılan ilk struktur deyil. Son aylar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir sıra rayon və şəhərlərin icra hakimiyyətlərində axtarış aparıb. Axtarışdan sonra həmin icra hakimiyyəti başçıları həbs edilib. Onlar rüşvət, mənimsəmə və başqa oxşar əməllərdə ittiham edilirlər.
Məsələn, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirdi. Sonradan yayılan rəsmi
məlumat
da bildirilir ki, Vilyam Hacıyev sərəncamında olan vəsaitləri mənimsəmədə ittiham edilir. Eyni zamanda, o, vəzifəsindən sui-istifadə edib.
Vilyam Hacıyev eyni zamanda dövlərin aztəminatlı ailələrə ayırdığı vəsaiti ələ keçirməkdə də ittiham edilib. Bundan sonra onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Aprelin 29-da isə DTX Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirmişdi. Bir gün sonra, aprelin 30-da da icra hakimiyyəti başçısı (artıq keçmiş) Mahir Quliyev barəsində Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında həbs-qətimkan tədbiri seçildi. O, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham edilir.
DTX fevral ayında Neftçala Rayon İcra Hakimiyyətində də əməliyyat keçirmişdi. Daha sonra Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı. Fevralın 22-də Səbail Rayon Məhkəməsi Neftçalanın keçmiş icra başçısı İsmayıl Vəliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Təqdimatı Dövlət Təhlükəsizlik Xidməti verib. Keçmiş başçıdan başqa onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov və rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov haqqında da eyni qərar verildiyi bildirilir.
Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə, rüşvətalma, rüşvətvermə ilə bağlı faktlara görə həbs ediliblər.
Ötən il dekabrın 19-da isə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Ağstafa rayonunun İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov saxlanılıb. Daha sonra onların hər ikisi məhkəməyə çıxarılaraq barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Sözügedən rayonlardan fərqli olaraq, Abşeron Rayon İcra Hakimiyyətində axtarış tədbirlərini Baş Prokurorluq həyata keçirir.