”Baş Prokurorluğun jurnalistlərə məsləhət verməsi qəbuledilməzdir”

Ələsgər Məmmədli: “Bu xəbərdarlıq media azadlığına müdaxilə hesab ediləcək”

Source:


Ələsgər Məmmədli: “Bu xəbərdarlıq media azadlığına müdaxilə hesab ediləcək”

Baş Prokurorluq bəzi KİV-ə xəbərdarlıq edib.  Xəbərdarlıqda deyilir ki, son günlər bəzi KİV-də ordu haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bir neçə internet saytında Müdafiə Nazirliyi tərəfindən hər hansı rəsmi açıqlama verilmədiyi halda müvafiq olaraq “Əsgərin intihar etdiyi bildirilir – Bədənində çoxlu yara izləri vardı”, “Daha bir əsgər ölümü” və “Daha bir əsgər ölümü – İntihar, yoxsa?..” başlıqlı məqalələrdə Azərbaycan Respublikası ərazisində qanunsuz fəaliyyət göstərən “Meydan TV”yə istinadən sensasiya naminə məlumatlar dərc edilib:

“Hərbi və müdafiə məsələləri ilə bağlı məlumatların rəsmi qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirildikdən sonra yayılması tövsiyə edilməsinə baxmayaraq, bundan heç bir nəticə çıxarmadan yuxarıda qeyd edilən internet saytları ölkə qanunvericiliyini kobud surətdə pozmaqla informasiyalar dərc ediblər”.

Prokurorluq saytlara xəbərdarlıq edib

Buna görə internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilib. Onlardan rəhbərləri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilib:

“Gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdar etdik”, – deyə məlumatda qeyd olunur.

Meydan TV məlumatı 2 fərqli mənbədən təsdiqlədib

Meydan TV martın 11-də Qazaxdakı N saylı hərbi hissənin əsgəri olmuş Sübhan Sadiq oğlu Xaspoladovla bağlı xəbər verib. Xəbərdə Sübhan Xaspoladovun cənazəsinin böyüdüyü Qəbələ rayonunun Mıxlıqovaq kəndində torpağa tapşırıldığı deyilir. Xəbərdə mənbə də var. Məlumat əsgərin qohumlarından alınıb. Onlar kəndin Qara Kərimli məhəlləsində yaşamış S.Xaspoladovun intihar etdiyini söyləyiblər.

“Bədənində çoxlu yara izləri vardı və başından güllə yarası almışdı. Hərbçilərsə dedilər ki, intihar edib. Amma biz inanmırıq” – yaxınları Meydan TV-yə bildirib.

Faktı Mıxlıqovaq kənd bələdiyyəsi sədrinin müavini İlham Şirinov da təsdiqləyib: “Bəli, əsgəri torpağa tapşırdıq. İntihar etdiyini dedilər”.

Yəni Meydan TV xəbəri yazmaq standartlarına tam əməl edib. Məlumatı 2 fərqli mənbədən təsdiqlədib: Kənd bələdiyyəsi və əsgərin yaxınları. Bundan başqa, əsgərin sinif yoldaşı da öz “Facebook” səhifəsində onun ölümü haqqında məlumat verib.

Müdafiə Nazirliyindən isə məlumat ala bilməyib. Nazirlik bu haqda öz rəsmi səhifəsində də məlumat verməyib.

Jurnalist faktı dəqiqləşdiribsə, niyə yaymamalıdır?

Media sahəsi üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli prokurorluğun yanaşmasının düşündürücü olduğunu deyir. Bildirir ki, mediaya və jurnalistlərə hadisələri necə işıqlandırmalı olduğunu prokurorluğun məsləhət verməsi qəbuledilməzdir:

“Jurnalist nəyi necə yazacağını özü peşə standartlarına görə müəyyən edir və etməlidir. Əgər yalan məlumat yazıb və zərərçəkən varsa, bu zaman problem məhkəmə qaydasında mübahisələndirilə bilər. Əgər əsgər ölümü faktı varsa, lakin rəsmi məlumat mənbələri bunu gizlədirsə, jurnalist gerçəyi yazmamalıdırmı?”

Ələsgər Məmmədli deyir ki, jurnalistlərin öz etibarlı mənbələri ola, bunlara istinad edərək məlumatların doğruluğuna əmin olaraq yaya bilərlər:

“Odur ki, bu xəbərdarlıq media azadlığına müdaxilə hesab ediləcək”.

Xalid Ağaliyev foto Meydan TV

Belə xəbərlərin də tez ötürülməsinə ictimai tələbat olur

Hüquqşünas Xalid Ağaliyev isə deyir ki, əsgər ölümü məzmunda xəbərlər ictimai maraq kəsb edən məlumatlar kateqoriyasına aiddir. Belə bilgiləri yaymaq medianın təkcə maraq dairəsi ilə bağlı deyil, həm də onun vəzifəsidir:

“Bilgilərin cəmiyyətə doğru-dürüst çatdırılması həm də əlaqəli rəsmi qurumların vəzifəsidir. Belə xəbərlərin həm də tez ötürülməsinə ictimai tələbat olur. Media qeyd olunan məzmunda bilgini əldə edibsə, hətta onun doğruluğunu rəsmi şəkildə təsdiqlədibsə, onu yaymaqda sərbəstdir. Burda hər hansı məhdudiyyətdən söhbət gedə bilməz”.

Rəsmi qaynaqlar susduqda, jurnalist nə etməli?

Hüquqşünas əlavə edir ki, hətta media bəzi durumlarda rəsmi təsdiq olmadan belə, rəsmi qaynaqlar susduqda,  özünün qeyri-rəsmi qaynaqlarına istinadən də bu cür bilgiləri yaymaq haqqına sahibdir:

“Bu haqqa müdaxilə ifadə azadlığı hüququna qeyri-adekvat sayılmalıdır”.

Ana səhifəXəbərlər”Baş Prokurorluğun jurnalistlərə məsləhət verməsi qəbuledilməzdir”