Baş pediatr: Uşaqlarda yoluxma baş, boğaz ağrısı, qusma və ishalla müşayət olunur

Uşaqların virusdan maksimum qorunmasına gəlincə, hələ ötən il Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) koronavirusa qarşı tibbi maskaların hansı yaşdan istifadə olunmasına dair tövsiyələr verib.

Source: Meydan TV


"Böyüklərlə müqayisədə uşaqlar koronavirusu daha yüngül keçirir"

“Bir ildən artıq davam edən COVID-19 infeksiyası zamanı aparılan müşahidələr göstərir ki, böyüklərlə müqayisədə, uşaqlar bu xəstəliyi daha yüngül keçirir. Uşaqlarda bu infeksiyadan baş verən fəsadlar və ölüm hadisələri böyüklərdən yüz dəfəyə qədər az rast gəlinir”.

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev belə deyir.

Onun sözlərinə görə, uşaqlarda yoluxmanın əlamətləri bir qayda olaraq hərarətin yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, qusma və ishalla müşayət olunur: “Uşaqlarda böyüklərdə göründüyü kimi atipik pnevmoniyanın inkişafı nadir hallarda baş verir. Böyüklərlə müqayisədə bəzən uşaqlarda yaranmış simptomları təyin etmək daha çətin olur. Belə hallar müşahidə edilən kimi uşağı vaxt itirmədən uşaq həkiminə və ya uşaq infeksionistinə göstərilməlidir. Yüngül əlamətlərin görülməsinə baxmayaraq, uşaqlar ətrafdakılar üçün həmişə yoluxma təhlükəsi yaradır. Ona görə də uşaqlara qarşı daha da diqqətli olmaq lazımdır”.

“COVID-19 immun çatışmazlığı, xronik xəstəliyi, şiş xəstəliyi olan, inkişafdan geri qalmış uşaqlar üçün daha təklükəlidir. Valideynlər və uşaq həkimləri uşaqların düzgün və keyfiyyətli qidalandırılması, mövsümə uyğun geyindirilməsi, mümkün olan bütün hallarda açıq havada gəzdirilməsi və xəstəlik şübhəsi olanlarla təmasdan uzaq olmasına diqqət yetirməlidir”, – həkim bildirir.

Nəsib Quliyev
Nəsib Quliyev

Uşaqların virusdan maksimum qorunmasına gəlincə, hələ ötən il Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) koronavirusa qarşı tibbi maskaların hansı yaşdan istifadə olunmasına dair tövsiyələr verib.

Təşkilatlar koronavirus pandemiyası ilə əlaqədar 5 yaşdan kiçik uşaqlardan maska taxılmasını tələb etməməyi məsləhət görür.

Bu, uşağın təhlükəsizliyinə və ümumi maraqlarına, eləcə də, maskanı minimal yardımla lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır. 6-11 yaşlarında olan uşaqlar üçün bir neçə amil nəzərə alınmalıdır.

Bu yaşdakı uşaqlar maskadan ​​etibarlı və düzgün istifadə edə bilərlər. Yaşadıqları yerlərdə virusun yayılması nəzərdə tutulmalıdır.

ÜST və UNICEF ​​12 yaşdan yuxarı uşaqlar üçün isə maskadan istifadəni tövsiyə edir.

Ana səhifəSağlıqBaş pediatr: Uşaqlarda yoluxma baş, boğaz ağrısı, qusma və ishalla müşayət olunur