Giorgi Kvirikaşvili vəziyyətin çətin olduğunu deyib
“Azərbaycanlı jurnalist Əfqan Muxtarlı ilə bağlı insident rəsmi Tbilisi üçün çox ciddi uğursuzluq sayılmalıdır”.
“Rustavi 2” saytının məlumatına görə, bu sözləri dekabrın 20-də parlament azlığı ilə görüşdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili
deyib
.
Görüşdə “Avropa Gürcüstanı” fraksiyasının üzvü Elene Xoştariya Əfqan Muxtarlının salamlarını Giorgi Kvirikaşviliyə çatdırıb və jurnalistin Gürcüstandan necə oğurlanmasına dair ifadəsini oxuyub.
Baş nazir deyib ki, bu məsələ araşdırılıb. O, baş verənləri “çox çətin vəziyyət” adlandırıb:
“Mən həm də etiraf edirəm ki, bu, çox böyük uğursuzluqdur. Nəyin baş verməsindən asılı olmayaraq, həqiqət hələ də yekunlaşdırılmayıb. Lakin fakt budur ki, bu, çox böyük uğursuzluqdur. Bilirəm ki, hökumətimizin reaksiyası, yəni Əks-kəşfiyyat Xidməti rəhbərinin və Sərhəd Polisi rəisinin vəzifələrindən azad edilməsi tamamilə adekvat reaksiya olub. Onların bu işdə günahları hələlik, təsdiqlənməyib, lakin onlar üzərlərinə siyasi məsuliyyət götürüblər”.
Əfqan Muxtarlı mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.
Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb.
Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini siyasi sifariş adlandırıb. Hazırda Balakən Rayon Məhkəməsində jurnalistin işi üzrə məhkəmə prosesi gedir. O, məhkəmədə ifadə verdiyi zaman həbsinin ölkə prezidenti İlham Əliyev tərəfindən sifariş olduğunu
deyib
. Jurnalist bunu hakim ailəyə bağlı şirkətlərlə bağlı araşdırma aparması ilə əsaslandırıb.