Rasim Quliyev ev dustaqlığına buraxılmaq istəyir
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri, Bakıda tarixi-mədəniyyət abidəsi kimi qorunan binanın söküntüsü və yerində yeni yaşayış binasının tikintisinə qanunsuz icazə verməkdə ittiham olunan Rasim Quliyev ev dustaqlığına buraxılmaq istəyir. O, avqustun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə vəsatət verib.
“Mən özümü qətiyyən günahkar bilmirəm. Barəmdə də bəraət hökmü çıxarılmasını istəyirəm. Ona görə də daim hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazıram. Sadəcə, hazırda barəsmdəki həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyirəm ki, məhkəməyə evimdən gedib-gəlim. Mən məhkəmədən yayınan deyiləm”, – Rasim Quliyev bildirib.
Keçmiş Aparat rəhbəri Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi, dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə icazə verilməsi haqda sərəncama görə həbs edilib. Sözügedən sərəncam 31 may 2018-ci ildə imzalanıb. Həmin vaxt Hacıbala Abutalıbov icra başçısı vəzifəsindən azad edilərək, Baş nazirin müavini təyin edilmişdi.
Əvvəlki məhkəmə iclasından yarımçıq qalan ifadəsini avqustun 30-da davam etdirən Rasim Quliyev vurğulayıb ki, Hacıbala Abutalıbov onu Prezident Administrasiyasının razılığı olmadan müavin təyin etmişdi. Bu isə “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə zidd idi. Buna görə 2018-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərərək, iradını bildirmişdi. Hacıbala Abutalıbov Ramiz Mehdiyevə üzrxahlıq məktubu göndərib, sonradan bir daha onun müavin təyin edilməsi üçün icazə istəsə də, razılıq ala bilməmişdi. Rasim Quliyev deyir ki, bu səbəbdən onun imzaladığı sərəncamın hüquqi qüvvəsi yoxdur. Elə ona görə Eldar Əzizov 2018-ci ilin iyulunda icra başçısının müavini təyin edilib, eyni zamanda, icra başçısının səlahiyyətlərini yerinə yetirməyə başlayandan sonra onun Diları Əliyeva 141 ünvanı ilə bağlı verdiyi sərəncamı da ləğv etmişdi.
“Mən maddi maraq güdməmişəm. Heç kimdən də pul almamışam. Bunu sübut edən heç bir fakt yoxdur. Bu işdə adı keçən tikinti şirkətinin rəhbəri Tamilla xanımı ilk dəfə məhkəmədə dindiriləndə görəcəm. Mən “İncil”i, “Tövrat”ı və “Qurani-Kərim”i oxumuşam. Allah şahiddir ki, bir nəfərdən pul almamışam. Bu sənəd 2012-ci ildə imzalanıb. Tikinti şirkətinin nümayəndələri 6 ildən çox icra hakimiyyətinə gəlib-gediblər. Bu şirkətin vəzifəli şəxsləri kimlərəsə pul veribsə belə, 2018-ci ilə nə gəlib çatacaqdı? Mənim müavin vəzifəsini icra etməyimlə bağlı rəsmi sənəd yoxdur. Mənim müavin təyin olunmağım Bakı Şəhər İcra Hakimiyyəti başçısının yox, cənab prezidentin səlahiyyətindədir. Mənə müavin vəzifəsi yox, müavin vəzifəsinin yükü ötürülmüşdü. Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olanda icra hakimiyyətinə məktub göndərib, başçının müavini vəzifəsini icra etməyimin düzgün olmadığını qeyd etmişdi. Həmin vaxt Baş nazirin müavini olan Hacıbala Abutalıbova bununla əlaqədar ərizə yazdım. Sonra Hacıbala Abutalıbov özü Ramiz Mehdiyevə məktub yazıb, yol verdiyi səhvə görə üzrxahlıq etdi. Bundan sonra Hacıbala Abutalıbov mənə bu işi icra edə biləcəyimi şifahi şəkildə bildirdi, amma mən bunu qəbul etmədim”, – Rasim Quliyev bildirib.
Rasim Quliyev deyir ki, Aparat rəhbəri olarkən narazı vətəndaşları özü qəbul edirdi. Onun sözlərinə görə, şikayətə gələnlər ən çox Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq İdarəsindən şikayət edirdi. O, baş memar Akif Abdullayevin məhkəmədə dindirilməsini istəyib: “Mən təqdim olunan sənədlər əsasında sərəncamı imzalamışam. O sənədləri bu idarə verib. Baş memar Akif Abdullayev mütləq məhkəmədə dindirilməlidir. Onun vətəndaşların arxasınca dediyi bir cümlə vardı. Vətəndaşı yola salırdı, arxasınca deyirdi: “Qoltuğuna qarpız verib, yola saldım”. Mənim ona veriləcək suallarım var, məhkəməyə gəlsin, o sualları cavablandırsın”.
Sabiq Aparat rəhbəri əlavə edib ki, məqsədi özünü müdafiə etmək yox, bir cinayət baş veribsə də, təqsiri olan şəxslərin cəzalanmasıdır: “Mənim imzaladığım sərəncamı Eldar Əzizov ləğv edib. Ona görə ki, mən həmin sərəncamı imzalamaq səlahiyyətim olmayıb. Sərəncam vermək səlahiyyəti olmayan şəxs hansı vəzifə səlahiyyətlərini aşa bilər? Başqa bir məsələyə də diqqət çəkmək istəyirəm. Dilarə Əliyeva 141 ünvanındakı tarixi binaya zərər vurulmasına görə mənə ittiham verilib. Amma onun yanındakı 145 saylı bina tam sökülüb, yerində yeni bina da inşa edilib. Həmin bina Azərbaycanın tarixi abidələri siyahısından çıxarılmayıb. Prokurora, burada olan digər rəsmi qurumların nümayəndələrinə sual verirəm, niyə həmin bina ilə bağlı araşdırma aparmayıb? Bina tamamilə yox edilib, amma tarixi abidələr siyahısında hələ də adı var. Mən sərəncamı imzalayanda həmin şirkət tərəfindən 4 mərtəbə inşa edilmişdi. Yəni sərəncam imzalananda onsuz da həmin tikinti var idi. 4 ay sonra mənim sərəncamım ləğv edilib. Belə olan halda mən kimə, hansı yolla zərər vurmuşam?”
Hakim Faiq Qəniyev bildirib ki, Rasim Quliyevin adını çəkdiyi şəxslər məhkəməyə dəvət edilib dindiriləcək.
Sabiq Aparat rəhbərinin sözlərinə görə, Hacıbala Abutalıbov 2018-ci ilin aprelində icra başçısı vəzifəsindən çıxarılandan sonra da bir müddət Bakı Şəhər İcra Hakimiyyətinə faktiki rəhbərlik edib.
Məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.
Rasim Quliyev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. O, 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb. 2010-cu ildə Aparat rəhbəri təyin edilməmişdən əvvəl meriyanın ərazi idarəetmə şöbəsinin müdiri olub.
Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra həyata keçirdiyi əsas kadr dəyişikliklərindən biri Rasim Quliyevlə bağlı olub. 2018-ci ilin sentyabrında o, Rasim Quliyevi Aparat rəhbəri vəzifəsindən azad edib. Onu yerinə Elgün Həbibullayev təyin edilib. Rasim Quliyev isə meriyanın Xarici Əlaqələr Departamentinin sədri olub. 2018-ci ilin noyabrında Eldar Əzizov Bakının icra başçısı təyin ediləndən sonra rəhbərlik etdiyi qurumda bir neçə departamenti, o cümlədən Xarici Əlaqələr Departamentini də ləğv edib. Rasim Quliyev isə sərəncama göndərilib.
Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.