Baş həkim: “Gəncədə doğuşa gətirilən qadının yaşı gizlədilib”

Gəncə şəhər Perinatal Mərkəzi. Foto: Meydan TV

DİN araşdırmalara başladığını deyir

Gəncə şəhər Perinatal Mərkəzində 15 yaşlı qızın ana olması faktı qeydə alınıb.

Mərkəzin baş həkimi Sevda Hüseynova bildirib ki, pasiyent aprelin 9-u saat 04:42-də Perinatal Mərkəzə ağır vəziyyətdə, 40 həftəlik hamiləlik və üçüncü dərəcə piylənmə diaqnozu ilə daxil olub.

Xəstəxanaya yerləşdirilən zaman üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün xəstə 2003-cü il təvəllüdü ilə qeydiyyatdan keçirilib:

“Xəstənin vəziyyəti ağır olduğundan (arterial təzyiq, qusma) təcili əməliyyata götürülüb. Əməliyyat olunub, 4 kq çəkidə və 52 sm boyda qız uşağı doğulub. Hazırda ana və yeni doğulan körpənin vəziyyəti kafidir”.

“Əməliyyatdan sonra xəstə kompüter vasitəsilə qeydiyyata alınarkən onun 2006-cı il təvəllüdlü olduğu görünüb. Məlum olub ki, xəstənin 15 yaşı var. Özü bilərəkdən təvəllüdünü gizlədib. Daha sonra xəstə haqqında polisə məlumat verilib”, – deyə o bildirib.

Sevda Hüseynovanın sözlərinə görə, pasiyent Gəncə şəhər sakini olduğu halda doğuşu başa çatdırmaq üçün Samux Rayon Xəstəxanasına müraciət edib:

“Xəstə Samuxdan həkim müşayiəti ilə Gəncəyə gətirilib. Yəqin ki, yaşını gizlətmək üçün Samuxa müraciət olunub. Xanımın çəkisi 110 kq olub. Yaşının az olmasına baxmayaraq, zahiri görkəmində 15 yaş olduğu bilinmir. Ona görə də xəstəxanaya daxil olarkən biz onun azyaşlı olduğunu bilməmişik”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımov Meydan TV-yə deyib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

“Hazırda materiallar toplanılır, daha sonra Gəncə Şəhər Baş Polis İdarəsinə göndəriləcək. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”, – E. Qasımov deyib.

Ana səhifəBölgəBaş həkim: “Gəncədə doğuşa gətirilən qadının yaşı gizlədilib”