“Baş həkim atamı şərləyib”

Ailə üzvləri isə iddia edir ki, Mahir Hüseynova şər atılıb və əksinə, baş həkimlə həyat yoldaşı Mahir Hüseynovu hədələyiblər.

Source: Specify Source


Biləsuvar sakini Mahir Hüseynovun ailəsi onun azadlığa buraxılmasını tələb edir

“Atam ora bibim oğluna görə gedib. Baş həkim onu öz iş otağında, hamının gözü qarşısında təhqir edib, sonra da polis çağırıb, şərləyib”.

Bunu Meydan TV-yə Biləsuvarın Ağayrı kənd sakini Türkanə Hüseynova deyir. Onun sözlərinə görə, iyulun 1-də Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gedən atası Mahir Hüseynovla xəstəxananın baş həkimi arasında mübahisə düşüb, baş həkim polisə müraciət edib. Bir neçə gün sonra isə atası barədə həbs-qətimkan tədbiri seçilib.

Türkanə Hüseynova danışır ki, atası elə həmin kənddə kiçik bir kafe işlədir. Kafenin yaxınlığında isə yaxın qohumu Elvin Hüseynli onun qoyunlarını saxlayırmış. Həmin gün rayon polis şöbəsinin işçiləri gələrək Elvini şöbəyə, oradansa mərkəzi xəstəxanaya aparıblar. Bundan xəbər tutan Mahir Hüseynov da məsələni aydınlaşdırmaq üçün xəstəxanaya gedib. Ancaq baş həkim Xoşbəxt Ağayevanın iş otağında mübahisə düşüb. Xoşbəxt Ağayeva polisə müraciət edərək vətəndaş tərəfindən xəsarət aldığını bildirib.


“Məsələni aydınlaşdırmaq üçün xəstəxanaya gedib”

“Atam kafeyə gedəndə görüb ki, bibim oğlu Elvin orda yoxdur, ona tapşırılan qoyunlar da yoxa çıxıb. Atama xəbər gəlib ki, polislər Elvini xəstəxanaya götürüblər. O da xəstəxanaya yollanıb, görüb ki, Elvini əli-qolu qandallı, xəstəxananın həyətində skamyada oturdublar. Atama bildiriblər ki, Elvində virus var, ona görə bura gətiriblər. Atam onun qolundakı qandallara etiraz edib, baş həkimin yanına gedib, soruşub ki, harda görülüb ki, vətəndaşın qollarını arxasına qandallayıb virusunu yoxlamağa gətirsinlər? Baş həkimin həyat yoldaşı onun iş otağına gəlib çıxıb, atamı hədələyib, beləcə, birləşib, atamı şərləyiblər”.


“Qollarımı arxadan qandallayıb xəstəxanaya apardılar”

Elvin Hüseynli məhkumdur, elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılır. O, özü də Meydan TV-yə danışıb:

“Dayımın qoyunlarını otararkən üç polis işçisi yaxınlaşdı. Dedilər, şöbəyə gedib, qol çəkib, qaydacaqsan. Dedim, qoyunları tövləyə yerləşdirim, gedək. İmkan vermədilər, qoyunların yarısı tövlədə qaldı, yarısı çöldə. Məni şöbəyə apardılar, sonra da təcili yardım maşını çağırdılar, həkimlər qızdırmamı yoxladı, dedilər, səndə koronavirus var, apardılar xəstəxanaya, qızdırmamı ölçdülər, 37.5 idi, mən onlara bildirdim ki, məndə qızdırma olmayıb, polislər qəfil gəlib məni şöbəyə apardılar, qoyun-quzu çöldə qaldı deyə, həyəcandan hərarətim qalxdı. Məni qolları qandallı orada saxladılar, dayım gəldi, vəziyyətimi gördü, dedi, lap bu adam xəstədirsə, xəstəni də qolları arxasına qandallanmış vəziyyətdə saxlayarlar? Çıxdı baş həkimin otağına, sonra nə baş verdi, bilmirəm. Məni xəstəxanadan buraxdılar deyə, gerisindən xəbərim olmadı. Xəstəxanadan qayıdanda xəbər tutdum ki, dayımın mənə tapşırdığı qoyunlar polislər məni apardığına görə çöldə nəzarətsiz qalıb və oğurlanıb”.


Həbs qətimkan tədbiri seçilib

Biləsuvar Polis Şöbəsindən bildirilib ki, Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkiminin şikayəti araşdırılıb və Mahir Hüseynov iyulun 11-də şübhəli şəxs qismində saxlanılıb. İyulun 13-də ona ittiham elan olunub və Biləsuvar Rayon Məhkəməsi barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Mahir Hüseynov Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə təqsirləndirilir. Həbs-qətimkan tədbiri barədə qərarda qeyd olunub ki, Mahir Hüseynov iyulun 1-də günorta saat 4 radələrində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xoşbəxt Ağayevanın iş otağında orada olan əməkdaşların gözü qarşısında heç bir əsaslı səbəb olmadan onu təhqir edib, silah qismində istifadə etdiyi mobil telefonla baş həkimin üzünə, başına vuraraq onu yerə yıxıb.

Ailə üzvləri isə iddia edir ki, Mahir Hüseynova şər atılıb və əksinə, baş həkimlə həyat yoldaşı Mahir Hüseynovu hədələyiblər.


Həbsdən əvvəl prezidentə videomüraciətlər edib

Mahir Hüseynov hələ iyulun əvvəli – ayın 1, 2 və 3-də – yəni baş həkimlə aralarında baş vermiş hadisədən sonra “Youtube” kanalı vasitəsilə Prezident İlham Əliyevə bir neçə dəfə videomüraciət edib. O, həmin müraciətlərində YAP üzvü olduğunu, prezidenti seçkilərdə dəstəklədiyini, ancaq Biləsuvarda məmur özbaşınalığının baş alıb getdiyini söyləyir, prezidentdən kömək istəyir. Mahir Hüseynovun ailə üzvləri deyir, onun həbsinə həm də bu videomüraciətləri səbəb olub.

Ana səhifəBölgə“Baş həkim atamı şərləyib”