Baş epidemoloq: Yayılan fərqli virus deyil, adi qripdir

”Həkimə getmək yerinə, özünüz-özünüzü müalicə edir, müxtəlif dərmanlardan istifadə edirsiniz”

Source:


”Həkimə getmək yerinə, özünüz-özünüzü müalicə edir, müxtəlif dərmanlardan istifadə edirsiniz”

Son günlər ətrafdakıların, qohum, dost-tanışın qripdən şikayətləndiyinə, hətta sosial şəbəkə istifadəçilərinin qriplə bağlı yazdıqlarına tez-tez rast gəlirik. Hamı xəstəlikdən şikayətçidir – kimi 1 həftə, kimi 10 gün, kimi də 20 gündür xəstəlikdən əziyyət çəkdiyini deyir. Daha çox şikayətlər burun tutulması, baş ağrısı, halsızlıq, yüksək hərarət, gözlərin ağrımasındandır. Bəziləri xəstəliyi qrip adlandırır, bir qismi də tamamilə fərqli virus olduğunu deyirlər.


Əslində nədir?

Səhiyyə Nazirliyinin baş epidemoloqu, professor İbadulla Ağayev deyir ki, yayılan fərqli virus deyil, adi qripdir. Sadəcə insanlar həkimə getmək yerinə, özləri, qonşudan, qohumdan eşitdikləri müalicə üsuluna əl atdıqları üçün xəstəlik ağır keçir, uzun çəkir:

“Respublika ərazisində təşvişə düşmək üçün səbəb yoxdur. Qrip adi, yoluxucu xəstəliklərdən biridir. Bütün dünyada olduğu kimi Azərbaycanda da var. Bu, gələn il də olacaq, ondan sonrakı illər də. Nə qədər insan, cəmiyyət mövcuddursa, bu xəstəlik də mövcud olacaq. Sadəcə xəstəlikdən qorunmaq lazımdır. Hər bir vətəndaş özü-özünün həkimi olmalıdır”.


Bu xəstəlikdən necə qorunmaq olar?

İbadulla Ağayev deyir ki, ilk növbədə, soyuqdan qorunmaq lazımdır:

“Qış fəslidir, isti geyinmək, xəstələrlə təmasdan qaçmaq gərəkdir. Əgər iş yerinizdə və evinizdə bu xəstəlikdən əziyyət çəkən varsa, onlarla ehtiyatlı davranın. Maskalardan istifadə edin. Həmin xəstələrlə eyni otaqda olmayın. Qabları, stəkanları və istifadə etdikləri əşyaları ayırın. Həmin əşyaları ayrıca yuyun. Bizim xalqda bir adət var. Görəndə mütləq öpüşüb görüşürlər. Xətirlərini nə qədər çox istəsəniz də, bundan qaçın”.


“Hərarət bütün qrip növlərində olur”

Həkim bildirir ki, bütün qrip növlərinin hamısında hərarət olur. Yayılan qripin başqasından fərqi yoxdur:

“Bu insanlar mütəxəssis deyillər ki, bunu fərqli epidemiya, virus adlandırırlar. KİV-də, sosial şəbəkələrdə yazanların hamısı insanlarda xof yaradırlar. Bizim əziyyətimizi, zəhmətimizi qiymətsiz edirlər. Səhiyyə Nazirliyi bütün tibb müəssisələrinə göstəriş verib ki, müraciət edən bütün xəstələrə tibbi yardım göstərilsin. Bəla burasındadır ki, xəstələnən insanlar həkimə müraciət etmirlər. Bunun yerinə qohum-əqrəbanın dediklərini edirlər. Biri deyir, heyva mürəbbəsi ilə çay iç, digəri zoğal mürəbbəsi məsləhət görür, başqası gilas mürəbbəsi və s. Ən dəhşətlisi hansı dərmandan istifadə et və ya etmə deyirlər. Bunlar düzgün deyil”.


“Həkimə müraciət etmək lazımdır”

Professor bildirir ki, həkim, sahə həkimləri, poliklinikalar var. Müraciət etmək lazımdır:

“Buyrun gəlin, həkim təyinat versin, dediklərini edin və tezliklə sağalın. Bütün bunları etmədikləri halda, şikayətlənirlər ki, bizdə qrip10 gün çəkdi, 15 gün çəkdi, sağala bilmirəm və s. Hətta 1 ay da çəkə bilər. Çünki həkimə müraciət etmək yerinə, müxtəlif üsullarla, özünüz özünüzü müalicə edir, müxtəlif dərmanlardan istifadə edirsiniz”.

Bütün xəstəxanalara qriplə bağlı tədbirlərin görülməsi üçün göstəriş verilsə də, indiyədək bu virusla bağlı nə qədər adamın müraciət etdiyinə dair dəqiq statistika yoxdur.

Ana səhifəXəbərlərBaş epidemoloq: Yayılan fərqli virus deyil, adi qripdir