Baş bankir: Hələlik manata əsaslı qorxu görmürük

Samir Əliyev: ”Manat üzən məzənnə rejiminə keçərsə, bu, yerli valyutanın möhkəm ucuzlaşması ilə nəticələnər”

Source:
Elman Rüstəmov


Samir Əliyev: ”Manat üzən məzənnə rejiminə keçərsə, bu, yerli valyutanın möhkəm ucuzlaşması ilə nəticələnər”

“Maliyyə Sabitliyi Şurası tərəfindən verilmiş qərarlar, formalaşmış makroiqtisadi çərçivəyə əsasən deyə bilərik ki, biz manatın gələcək məzənnəsi üçün hər hansı risklər görmürük”.

Bu açıqlamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov sentyabrın 19-da  Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirdə səsləndirib.

Məlumatı APA yayıb.

Baş bankir deyib ki, tədiyyə balansı müsbət olanda manatın möhkəmlənməsi müşahidə edilir:

“Manatın məzənnəsini bazar həll edir. Sadəcə olaraq hökumət, Mərkəzi Bank düşünməlidir ki, bütövlükdə manatın möhkəmlənməsi nə dərəcədə ölkədə həyata keçirilən iqtisadi strategiyaya uyğundur, xüsusi ilə də ixracın şaxələnməsi, ixracın dəstəklənməsi nə dərəcədə doğrudur. Hələlik biz əsaslı qorxu görmürük”.

E.Rüstəmov qeyd edib ki, 2017-ci ilin I yarısında tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2,5%-i səviyyəsində profisit qeydə alınıb.

“Bu ilin 8 ayında ölkənin strateji valyuta ehtiyatları 12%-dək artıb və ÜDM-in həcmini üstələyib. Valyuta bazarı tarazlaşıb, milli valyutanın məzənnəsi sabitləşib. İqtisadi subyektlərdə nikbinlik və müsbət gözləntilər yaranıb”.

Elman Rüstəmovun fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Samir Əliyev də 2017-ci ilin yaz aylarından manatın məzənnəsində sabitliyini olduğunu təsdiqlədi.

Amma iqtisadçı indiki sabitliyi 2015-ci il devalvasiyalarından əvvəlki sabitliyə bənzədiyini düşünür.

Samir Əliyev xatırlatdı ki, Azərbaycan iqtisadiyyatının üzən məzənnə keçidinə imkan vermədiyini əvvəllər də söyləyıb:

Samir Əliyev

“Manat üzən məzənnə rejiminə keçərsə, bu, yerli valyutanın möhkəm ucuzlaşması ilə nəticələnər. Bir mənbədən – neft gəlirlərindən asılı olan ölkədə üzən məzənnəyə keçid mümkünsüzdür və belə bir addım ciddi fəsadlara yol açar. Sonrakı proseslər də idarəolunan məzənnəyə keçildiyini təsdiqlədi. Manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir. Tədiyyə balansının da durumu onu göstərir ki, 2016-cı ildən fərqli olaraq cari ilin birinci yarısında müsbət saldo yaranıb. Bunun səbəbi bir tərəfdən neftin bahalaşmasıdır, ikinci idxalın məhdudlaşdırılmasıdır. Amma manatın indiki sabitliyi dayanıqlı və uzunmüddətli deyil. Bunun arxasında real sektor dayanmalıdır. Hazırda Mərkəzi Bank inzibati vasitələrlə yerli valyutanın sabitliyini qoruyur, ancaq nəticədə iqtisadiyyat kiçilir, sahibkarlar pulsuz qalıb, kredit faizləri yüksəkdir. Böhran dövrlərində isə əks siyasət yeridilir ki, iqtisadi fəallıq artsın”.

İqtisadçı hesab etmir ki, yaxın dövrdə manatın bazar tərəfindən müəyyənləşdirilməsi mümkün olsun:

“Ən azı neftdən kənar sektorlar inkişaf etməyib. Ona görə qarşıda real sabitliyə nail olunmalıdır”.

Ana səhifəXəbərlərBaş bankir: Hələlik manata əsaslı qorxu görmürük