Baş ağrısı da siyasi ola bilər – Siyasi Təşviş nədir?

Yaşadığımız dünyada hər gün onlarla neqativ hadisə baş verir və biz də texnologiya dövründə yaşayanlar olaraq, tarixdə heç vaxt olmadığı qədər informasiyaya məruz qalırıq. Bu isə psixologiya və sosiologiyada yeni anlayışlar gətirir. Siyasi vəziyyətin fərdi psixikaya təsirini araşdıranlar bir müddətdir yeni bir stress formasını ortaya çıxarıblar – siyasi təşviş.

Siyasi təşviş fərdlərin siyasət barədə düşünəndə və ya siyasətlə məşğul olanda təcrübə etdikləri stress, narahatlıq və ya qorxunu ifadə edir.

Siyasi təşviş siyasi hadisələr, qərarlar və diskursdan qaynaqlanan bir stress formasıdı. Onun gərgin seçkilər, mübahisəli siyasi vəziyyət və sosial mediada, xəbərlərdə bu tip informasiyalara məruz qalmaqdan qaynaqlandığı deyilir. Bəs, siyasi təşvişlə necə baş edə bilərik? 

2024 ABŞ  seçkiləri öncəsi Amerika Psixoloji Assosiasiyası sorğu keçirmişdi. Sorğuda iştirak edən yetişkinlərin hər 10-dan 7-si ölkənin gələcəyini  həyatındakı əsas stress qaynağı hesab edirdi. İqtisadiyyatdakı problemlər 73% insan üçün əsas stress qaynağı idi. Seçkilərin özünü isə 69% insan həyatındankı əsas stress qaynağı sayırdı. Bir çox insan üçün bu stress faktorları xüsusilə gələcək qeyri-müəyyən və tutqun görünəndə çarəsizlik, ümidsizlik və qəzəb kimi duyğulara çevrilə bilir. 2020 və 2016-cı il seçkiləri ilə müqayisədə artım da müşahidə edilir. 2020-də 68% insan seçkiləri əsas stress qaynağı hesab edirdisə, 2016-da bu rəqəm 52% idi. Yetişkinlərin 56%-i inanırdı ki, prezident seçkiləri ABŞ-də demokratiyanın sonu olacaq.

2023-cü il “Pew” Araşdırma Mərkəzinin hesabatı göstərirdi ki, amerikalıların 65%-i siyasət haqqında düşünəndə həmişə və ya tez-tez özünü yorğun hiss edirlər. 55% insan siyasətdən danışanda qəzəbli olur. Cəmi 10% insan isə bildirmişdi ki, onlar siyasət barədə düşünəndə özlərini ümidli hiss edirlər. Bəs siz, Azərbaycandakı siyasi vəziyyəti düşünəndə necə hiss edirsiz? Duyğularınızı şərhlərdə bizimlə bölüşməyi unutmayın.

Ümumi təşvişlə ortaq tərəfləri də daxil, siyasi təşvişin simptomları belə müəyyən edilir:

  • – siyasi hadisələr barədə davamlı gərgin hissetmə;
  • – siyasi fikirlərə görə gündəlik işlərə konsentrasiyanı itirmə;
  • – sosial media və xəbərləri izləyəndə ifrat-emosional hissetmə;
  • – baş ağrısı, yorğunluq və əzələ gərginliyi kimi fiziki simptomlar;
  • – yuxusuzluq, insomnia, yuxu pozuntuları;
  • – artan qəzəb və ümidsizlik duyğusu.

Azərbaycanda yayılan gündəlik xəbərlərin icmalı bu təşviş formasının xülasəsi kimi təqdim oluna bilər: qiymət artımları, iqtisadi vəziyyətlə bağlı qeyri-müəyyənlik, sərhədlərin bağlı olması, bunun arxasındakı səbəbin hökumət tərəfindən sirr kimi saxlanması, fasiləsiz davam etdirilən siyasi motivli həbslər, Gəncədə vəfat edən gəncin ölümü ətrafında davam edən müəmma, polis zorakılığı, işgəncə xəbərləri, qlobal miqyasda isə Ukrayna müharibəsi, Qəzzada baş verənlər və s.

Mütəxəssislər siyasi təşvişdən yayınmaq üçün bəzi yollar təqdim edirlər. Bildirilir ki, gün ərzində davamlı siyasi xəbərlər oxumaq yerinə, bu tip informasiyalar üçün xüsusi saatlar ayırmaq daha faydalı ola bilər. Həmçinin, psixoloqlar təklif edirlər ki, xəbərləri etibarlı mənbələrdən, geniş, əhatəli məlumatlar verən, manipulyasiya və spekulyasiya ardınca qaçmayan, klik üçün qorxu, təşviş yaymağa çalışmayan qaynaqlardan almaq lazımdır. Sensassiyalı başlıqlar verən xəbər saytları bu təşvişi daha da artırır.

Həmçinin, siyasi fəaliyyətlərdən kənar aktivitələrin olması, hobbi və maraqlara fokuslanmaq, kitab oxumaq, parkda yürüş etmək də stress səviyyəsini azalda bilər. Psixoloqlar deyirlər ki, eyni zamanda, qəbullanma da önəmlidir. Fərd bəzi siyasi hadisələrin onun kontrolu xaricində olduğunu anlamalıdır.

Fərqindəlik praktikaları, meditasiyaların da zehni sakitlikdə faydası müşahidə edilir, dərin nəfəs və yoqa kimi digər texnikalar da effektiv sayılır.

Sosial media detoksu da psixoloqların təklif etdiyi yollardan biridir. Beynimiz hələ də bu qədər sürətli informasiya alışına uyğun təkamül mərhələsinə keçməyib.
 
Əlbəttə, siyasi problemlərin divə döndüyü situasiyalarda bu deyilənlərin effektivliyi inandırıcı olmaya bilər, amma həm də qəbul etmək lazımdır ki, belə durumlardan ani xilas mümkün deyil. Siyasi aktivlik sadə vətəndaş məsuliyyətidir və onun əksi – passivlik daha dərin siyasi problemlərin yaranmasına səbəb olur. Bu paradoksun içindən çıxmaq, fərdi mental sağlamlığın qorunması həm də siyasi aktivliyin effektivliyi üçün ilk şərtlərdən biridir. 

Növbəti dəfə başınız ağrıyanda bütün digər faktorlarla birlikdə ölkədəki siyasi vəziyyəti də gözdən keçirmək faydalı ola bilər.

Ana səhifəVideoBaş ağrısı da siyasi ola bilər – Siyasi Təşviş nədir?