Almaniya hökumətinin nümayəndəsi Əfqan Muxtarlıdan
danışdı
“Gürcüstanda mühacirətdə yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması və Azərbaycan təhlükəsizlik orqanları tərəfindən qanunsuz həbsi barədə xəbərləri böyük narahatlıqla diqqətə aldım”.
Bu sözləri iyunun 6-da Almaniya hökumətinin İnsan Hüquqları siyasəti və humanitar yardım üzrə məsul nümayəndəsi Barbel Kofler deyib. O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları haqqında ümumi Bəyannaməsi və Avropa İnsan Hüquqları Konvensiyası ilə müəyyən edildiyi kimi, heç kəs əsassız olaraq (özbaşına) həbs oluna, saxlanıla, ölkədən çıxarıla bilməz:
“Bu hal həm Gürcüstan, həm də Azərbaycan tərəfindən sürətli və şəffaf araşdırma aparılmasını tələb edir. Gürcüstan hökumətinin sözügedən məsələ ilə bağlı artıq müvafiq istintaqa başlamasını təqdir edirəm”.
Əfqan Muxtarlı 29 may 2017-ci il tarixində axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisidən yoxa çıxıb. Növbəti gün isə Bakıda olduğu və həmin andan etibarən polis tərəfindən saxlanıldığı bəlli olub.
Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.