Paşinyanın mətbuat katibi 22 min 800 nəfərin qeydiyyatdan keçdiyini deyir
Bu günə qədər Qarabağdan Ermənistana 47 min 115 nəfərin getdiyi bildirilir.
Onlardan 22 min 800 nəfərinin artıq qeydiyyatdan keçdiyi vurğulanır.
Bu barədə sentyabrın 27-də Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.
Azərbaycan isə Qarabağda yaşayan erməni əsilli sakinlərə müraciət edərək yaşayış yerlərini tərk etməməyi tövsiyə edir.
Rəsmi Bakı onların hüquq və təhlükəsizliklərinə zəmanət verəcəyini bəyan edir.
Hətta Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün yerli jurnalistlərə deyib ki, hərbi əməliyyatlar zamanı heç bir yaşayış məntəqəsinə və mülkü əhaliyə zərər vurulmayıb.
“Ordumuz Qarabağda lokal antiterror tədbirləri zamanı yüksək peşəkarlıq göstərərək ancaq hərbi hədəfləri məhv edib”.
Qarabağda son əməliyyatlar
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.
Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.
Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.
Münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.