Güneyli fəal Bütöv Azərbaycan Ocaqlarının fəxri üzvü elan edilib
Artıq 41-ci gündür ki, həbsxanada aclıq aksiyasını davam etdirən təbrizli fəal Murtəza Muradpur Bütöv Azərbaycan Ocaqlarının (BAO) Mərkəzi Şurasının (MŞ) qərarı ilə BAO-nun fəxri üzvü elan edilib. Eyni zamanda milli fəala aclığı dayandırmaq üçün BAO tərəfindən bir daha müraciət olunub.
BAO-dan Meydan TV-yə daxil olan müraciətdə deyilir:
“Əziz, fədakar soydaşımız!
Artıq 41-ci gündür ki, şovinist fars rejiminin repressiv siyasətinə qarşı irəli sürdüyünüz tələblərlə həbsxanada aclıq aksiyasını davam etdirirsiniz. Biz milli haqlarımız uğrunda fars şovinizminə qarşı apardığınız bu cür iradəli, qətiyyətli və fədakar mübarizənizi bir daha yüksək qiymətləndirərək sizi Bütöv Azərbaycan Ocaqlarının fəxri üzvü elan etmişik. Hesab edirik ki, sizin bu qətiyyətli, fədakar mübarizəniz milli hərəkat tariximizin şanlı səhifələrindən birinə çevrilmişdir.
Biz BAO olaraq fiziki durumunuzun həddən artıq ağırlaşmasını və Sizin kimi fədakar hərəkatçıların hələ gələcək mübarizədə millətimizə çox lazım olacağını, həmçinin aclıq aksiyanızın artıq ictimaiyyətdə kifayət qədər əks-səda doğurduğunu nəzərə alaraq bir daha sizdən aclıq aksiyasını dayandırmaği xahiş edirik”.
Murtəza Muradpur Iran Islam hakimiyyəti əleyhinə təbliğ və daxili sabitliyi pozmaq ittihamlarıyla 3 il azadlıqdan məhrum edilib. Yeni İran Cəza Məcəlləsinin 134-cü maddəsinə istinadən, 3 il həbs cəzası iki ilə enməlidir. Ancaq məhkəmə iddianı rədd edib. Ona görə də Murtəza Muradpur aclıq aksiyası keçirir.