Banklarla bağlı narahatlıq var

Əkrəm Həsənov: “Əmanətlərin sığortalanması dövlət tərəfindən sığortalanmaq demək deyil”

Samir Əliyev: “Əmanətin qaytarılmamasından söhbət gedə bilməz”

Source:


Əkrəm Həsənov: “Əmanətlərin sığortalanması dövlət tərəfindən sığortalanmaq demək deyil”


Samir Əliyev: “Əmanətin qaytarılmamasından söhbət gedə bilməz”

Dekabrın 21-də Mərkəzi Bankın manatı üzən məzənnə rejiminə keçirməsi, neçə ildir müflis vəziyyətində olan “Bank Of Azerbaijan”ın lisenziyasının ləğvi, eyni aqibəti daha bir neçə bankı gözləməsi haqqında ekspertlərin fikirləri və eləcə də bəzi beynəlxalq təşkilatların Azərbaycanın bank sektoru haqqında bədbin proqnozlar səsləndirməsi əhalidə banklara qarşı olan inamı sarsıdıb. İnsanlar əmanətlərini banklara qoymaqdan çəkinir və ya banklarda olan depozitlərini geri çəkməyə çalışırlar. Ekspertlər bu əndişənin haqlı olduğunu söyləyirlər.

Bank sahəsi üzrə ixtisaslaşmış hüquqşünas Əkrəm Həsənov deyir ki, təhlükə var və olduqca böyükdür. Hüquqşünasın sözlərinə görə, indi Azərbaycanda 40-dan çox bank var. Ancaq həmin bankların ən azı 30-u rüblük maliyyə hesabatını açıqlamır. Hüquqşünas deyir ki, rüblük maliyyə hesabatının açıqlanması qanunvericiliyin tələbidir. Bu isə yalnız bankın göstəriciləri yaxşı olmadıqda məqsədli şəkildə gizlədilir:

“Bank bilir ki, o vəziyyətini açıqlasa və insanlar bilsə, gəlib pullarını geri çəkəcəklər. Hələ bizim əhalinin əksər hissəsi belə incə məqamları heç bilmir. Mütəxəssislər bilir bunu. Mən bunu görəndə ki, banklar hesabatlarını dərc eləmirlər, anlayıram, vəziyyətləri yaxşı deyil deyə etmirlər”.

Əkrəm Həsənovun fikrincə, bunun gizlədilməsinin bir səbəbi də odur ki, hazırda banklar var gücü ilə əmanətləri cəlb etməyə çalışırlar. Onun sözlərinə görə, Milli Məclisdə qərara alınan əmanətlərin tam sığortalanması da məhz buna hesablanıb:

“Bu da müəyyən mənada şübhəli görünür. Əvvəllər də əmanətlərin sığortaya ehtiyac var idi. Amma indi beləcanfəşanlıqlar xəbər verir ki, bank sistemində pul kütləsi azalıb, ona görə əmanətləri nəyin bahasına olursa-olsun cəlb etmək istəyirlər. Bu da çox qorxulu faktordur. Çünki cəlb etdin, amma sabah bunu qaytara biləcəksənmi?”

Hüquqşünas bankların problemli kreditləri məsələsinə də toxunur:

“Üçüncü məqam da odur ki, hamı bilir bankların problemli kreditləri artıb və artan xətlə də davam edir. Banklar kreditləri geri ala, əhali isə geri qaytara bilmir, məhkəmə proseslərinin sayı artır. Kreditlər qayıtmırsa, banklar əmanətləri hardan qaytaracaq? Deməli, bu təhlükədir. Görünən odur ki, banklar da borclulara heç bir güzəştə getmirlər. Yəni kreditlərin qaytarılmama ehtimalları artır. Buna görə də əmanətlərin banklarda batması və yaxud əhaliyə çox gec qaytarılması baş verə bilər”.

Əkrəm Həsənov vəziyyətdən çıxış yolu kimi və banklara inamın bərpası üçün bank sisteminə nəzarətin artırılmasını məsləhət görür.

“Əhalini inandırmaq üçün birinci Mərkəzi Bank nəzarət etməlidir ki, bütün banklar qanunla nəzərdə tutulan rüblük hesabatlarını dərc etsinlər. Mərkəzi Bank nəzarət etməlidir ki, əmanəti qanunla nəzərtə tutulmuş 5 gün ərzində qaytara bilməyən banklar bağlansın. Belə olduğu halda hamı görər ki, bank işləyir. Banklara nəzarət var”.

Hüquqşünas bütün əmanətlərin sığortalanmasını dövlətin əmanətlərə olan zəmanəti hesab etmir.

“Əmanətlərin sığortalanması dövlət tərəfindən sığortalanmaq demək deyil. Əmanətlərin sığortalaması haqqında qanunda birbaşa yazılıb ki, dövlət və Mərkəzi Bank əmanətlərin sığortalanması fondunun öhdəliklərinə görə cavabdeh deyil”.

İqtisadçı-ekspert Samir Əliyev isə hesab edir ki, hələ vəziyyət o qədər də pis deyil. Sadəcə insanlar pul qoymaq üçün bank seçəndə diqqətli olmalıdırlar. Ekspert hesab edir ki, insanlar əmanətlərini daha iri banklara yerləşdirsinlər. Və çalışsınlar ki, əmanətlərini sığortalanmış halda yerləşdirsinlər. Ekspert deyir ki, daha çox əmanət cəlb etmək üçün bəzi banklar yüksək faizli reklamlar verə bilər. Amma insanlar nəzərə almalıdırlar ki, 12 faizə qədər olan əmanətlər sığortalanır.

“Ümumilikdə deməzdim banklara inam yoxdur. Bəzi banklar var ki, onlar bank sektoru üçün təhlükədir. Bü gün bankların vəziyyəti ürəkaçan deyil. Amma dövlətin burda sığorta sistemi var. Sığorta sistemi təkmil olmasa da, insanların arxayınlaşması üçün zəmanət verir”.

Ekspert hazırda ən yaxşı variant kimi əldə olan vəsaitləri dollara çevirməyi, banklara inam yoxdursa, bir müddət gözləmə mövqeyi tutmağı məsləhət görür. Samir Əliyev deyir ki, sığorta sistemi təkmilləşdikdən sonra insanlar pullarını banklara qoysalar, daha yaxşı olar: “Əmanətin qaytarılmamasından söhbət gedə bilməz. Vəsaiti yastıq altında saxlamağın Azərbaycan iqtisadiyyatı üçün uğurlu addım olmadığını həm əhali, həm də hökumət nəzərə almalıdır”.

Ana səhifəXəbərlərBanklarla bağlı narahatlıq var