“Fitch” Azərbaycanla bağlı növbəti proqnozunu açıqlayıb
“2017-ci ildə Azərbaycan bank sektorunun itkiləri davam edəcək. Bir çox bankların reytinq proqnozu neqativ olacaq”, – “Fitch” beynəlxalq reytinq agentliyinin martın 16-da Bakıda keçirilən VI illik konfransında belə deyilib.
Agentliyin ekspertləri manatın devalvasiyası, aktivlərin keyfiyyət zəifliyinə görə ölkə banklarının kapital çatışmazlığı yaşadıqlarını bildiriblər:
“Bundan əlavə, banklarda yüksək dollarlaşma və valyuta uyğunsuzluğu problemi yaşanır. Ötən ilin sonuna ölkədə işlək olmayan aktivlərin həcmi ümumi kredit portfelinin 21 faizinə çatıb. 2015-ci ildə bu 12 faiz olub. Biz xarici valyutada olan kreditlərin 2017-ci ildə də böyük təzyiq yaradacağını düşünürük”.
Agentlik 2017-ci ildə kredit portfelinin 5 faiz azalacağını proqnozlaşdırır.
Ekspertlərin fikrincə, aktivlərin keyfiyyətinin aşağı olması və xarici valyuta riskləri səbəbindən yaranan kapital çatışmazlığı 2017-ci ildə bir çox banklara mənfi təsir edəcək.