Nazim Bəydəmirli: “Bunların səbəbi bank sektorunun dövlət investisiyalarından nə dərəcədə asılı olmasını göstərir”
“Bank sektorundan vergi daxilolmaları azalıb”. “APA -Economics” xəbər verir ki, bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
Nazir müavini qeyd edib ki, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə bank sektorundan vergi daxilolmalarında 110 mln. manat azalma var.
Bağlanan bankların digər öhdəlikləri kimi vergi öhdəliklərinin olduğunun deyən İ. Vəliyev qeyd edib ki, qanunvericiliyə uyğun olaraq maliyyə təşkilatlarının vergi öhdəliklərinin yerinə yetirilməsi istiqamətində tədbirlər görülür.
İqtisadçı, sabiq deputat Nazim Bəydəmirli Meydan TV-yə bildirib ki, müxtəlif bankların bağlanması, Əmanətlərin Sığortalanması Fondunun Mərkəzi Banka müraciət etməsi, bunların hamısının vergi öhdəliklərinə istiqamətlənməsi təbiidir: “Hər ilin proqnoz göstəricilərində təqribi olaraq növbəti il üçün nə qədər vəsaitin dövlət büdcəsinə daxil olması hesablanır. Bunların səbəbi bank sektorunun dövlət investisiyalarından nə dərəcədə asılı olmasını göstərir. Eyni zaman da o Neft Fondundan köçürülən vəsaitlərdən asılıdır. Bütün bunlar zəncirvari şəkildə neftin qiymətinə bağlanır. Çünki Azərbaycanın gəlirlərinin mütləq əksəriyyəti həm vergilər hesabına SOCAR-dan daxil olmalar, həm də Neft Fondundan büdcəyə transferlər hesabınadır”.
Nazir müavinin müvafiq tədbirlərlə bağlı fikrinə gəlincə, Nazim Bəydəmirli güman edir ki, müflis olmayan və dayanan banklar haqda müxtəlif tədbirlər görülə bilər: “Yəni bankların aktivləri satışa çıxarıla bilər və büdcəyə olan öhdəlikləri məcburi qaydada alınar”.