Milli Məclis “Əmanətlərin sığortalanması haqqında” qanunun müddətini 2020-ci ilədək uzatdı
Azərbaycanda banklara qoyulan əmanətlərin sığortalanması müddəti daha bir il artırıldı. Bununla bağlı “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliklər müzakirə olunaraq qəbul edilib. Bildirilib ki, əhalinin banklara depozit qoymasını stimullaşdırmaq üçün bütün əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayınadək uzadılacaq.
Sözügedən qanun 2016-cı ildə 3 illik qəbul edilmişdi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu dəyişikliklərə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 il müddətində tam sığortalanacaq.