Banklarda çalışanların sayı azalıb

”İş azalıbsa, işçilər də azalmalıdır”

Foto: arxiv
Bank
Bank


”İş azalıbsa, işçilər də azalmalıdır”

Bank sahəsində çalışanların sayı azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP)

hesabatından

belə məlum olur.

Hesabata görə, oktyabrın 1-i bank əməkdaşlarının sayı 16 min 340 nəfər olub. İlin əvvəlində isə bu göstərici 16 min 947 nəfər idi.

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, ixtisarların əsas səbəbi böhrandır. Bankların problemli kreditləri artır, saxladıqları əmanətlər azalır:

“Üstəlik, Mərkəzi Bankdan kredit ala bilmirlər, kreditləşdirmə zəifləyir, bank xidmətlərinin həcmi azalır, nəticədə bankların zərəri artır. Buna görə də, filialları bağlanır. İş azalıbsa, işçilər də azalmalıdır. Həm də bankların işçi resursları şişirdilmiş idi: qohumlar, dostlar və s. İndi artıq işçi saxlaya bilmirlər”.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov

Əkrəm Həsənov deyir ki, bu tendensiya hələ xeyli müddət davam edəcək. Yekunda bazarda 10-15 bank qala bilər:

“Deməli, bu qədər bank işçisinə də ehtiyac yoxdur. Əsas problem başqadır: ixtisarların peşəkarlara dəyməməsi. Amma təəssüf ki, çox zaman sadəcə “yiyəsiz”ləri ixtisar edirlər. Savada, bacarığa baxmırlar”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə də bir müddət öncə mediaya açıqlamasında banklardakı işçilərin ixtisarı probleminə toxunmuşdu. O, bir bank işçisinin yetişməsinin kifayət qədər böyük məbləğə başa gəldiyini, ixtisarın onu narahat etdiyini söyləmişdi:

Ziyad Səmədzadə

“Bunların birdən ixtisar edilməsi məni bir iqtisadçı kimi düşündürür. Onlar haqqında fikirləşmək lazımdır. Bank sektorunu sağlamlaşdırmaq üçün real sektorla sıx əlaqədə olmalıyıq”.

2015-ci ildə ölkədə iki devalvasiyasından sonra manat iki dəfə dəyər itirib və 1 dollara görə 0,78 qəpikdən 1,50 manata qədər dəyişib. Hazırda manatın məzənnəsi 1 dollar üçün 1,7003 manatdır.

2016-cı ildə ölkədə ümumilikdə 11 bankın lisenziyası ləğv edilib. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

Hazırda ölkədə 31 bank fəaliyyət göstərir. Sentyabrın 1-ə olan məlumata görə, onların 5 milyon 720 min 291 nəfər müştərisi var. Müştərilərin 2 milyon 428 min 32-nin banklarda kredit hesabı var. Onların banklara olan vaxtı keçmiş borcları 1 milyard 824 milyon manatı ötüb. Bu da cəmi kredit qoyuluşunda 15 faizə çatıb.

Ana səhifəXəbərlərBanklarda çalışanların sayı azalıb