“Azərbaycanda kreditləşmə elə də aktiv deyil”
Azərbaycanın kommersiya banklarında manatla qəbul edilən əmanətlərin ucuzlaşması, dollarla qəbul edilən əmanətlərin isə bahalaşması müşahidə edilir. Son bir ayda 2 bank bu cür addım atıb.
Bu müsahidəni “Turan” İnformasiya Agentliyinin iqtisadçı ekspertləri aparıb. Məlumatda bildirilir ki, 1 il müddətinə milli valyutada yerləşdirilən əmanətlərin illik faiz dərəcəsi “Unibank”da 17-17,3 faizdən 15-15,3 faizə, “Bank VTB (Azərbaycan)”da isə 15-16 faizdən 14-15 faizə endirilib. Sonuncu həm də 1 il müddətinə ABŞ dolları ilə qəbul etdiyi əmanətlərin illik gəlirliliyini 2 faizdən 3 faizə qaldırıb.
İqtisadçılar hesab edirlər ki, bu, ilk növbədə, manatın məzənnəsinin sabitləşməsilə bağlıdır.
“Maliyyə qurumları milli valyutanın dəyərdən düşməsi prosesinin dayandığını nəzərə alaraq daha manat əmanətlərinə yüksək dividend ödəmək istəmirlər, eləcə də dollarla əmanət qəbul etməkdən çəkinmirlər.
Digər bir səbəb isə vəd edilən yüksək gəlirliliklə əlaqədar banklarda həddindən artıq manat resurslarının cəmləşməsi ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycanda kreditləşmə elə də aktiv deyil, yəni qəbul edilən əmanəti kredit formasında bazarda yerləşdirmək çətindir. Azərbaycan Mərkəzi Bankı isə həftədə 2 dəfə keçirdiyi depozit hərraclarında özünün müəyyən etdiyi limit çərçivəsində (150-250 milyon manat) vəsait cəlb edir. Başqa sözlə, banklar bütün manat vəsaitlərini bu hərraclara yönəldib gəlir əldə edə bilmirlər, odur ki, əmanət axınını ləngitmək üçün faizləri aşağı salmağa qərar veriblər” – agentliyin ekspertləri bildirir.
“Turan” yazır ki, bununla belə, milli valyutadakı əmanətləri bahalaşdırmaqda davam edən bank da var:
“Məsələn, “Rabitəbank” faizlərin aylıq ödənilməsi şərti ilə 1 il müddətinə qəbul etdiyi manat əmanətlərinin illik faiz dərəcəsini 14,5 faizdən 15 faizə çatdırıb”.
Aşağıdakı cədvəllərdən birincisi klassik, ikincisi isə yığım əmanətləri üzrə 1 illik faizləri göstərir.