Bankın sabiq rəhbəri məhkəmə qarşısında

”Dəmir Bank”-ın əməkdaşı dələduzluqda ittiham edilir

Source:


”Dəmir Bank”-ın əməkdaşı dələduzluqda ittiham edilir

Bakı Ağır Cinayətlər Məhkəməsində  “Dəmir Bank” ASC-nin mənimsəmədə təqsirləndirilən “Bayıl” filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Fariz Qarayev ifadə verib. O,  istintaq zamanı verdiyi ifadəni təsdiqləyib.

Təqsirləndirilən Tamamgül Xanlarova isə ifadəsində deyib ki, bankda əməliyyatçı-xəzinədar vəzifəsində çalışıb:

“Fərəh Rəşadətli hər zaman bizim arxamızda olub. Bizə kömək edib. Mən inanmıram ki, biz burdayıq və Fərəh xanım belə iş görüb. Hər zaman mən belə şeylərdən qorxmuşam. O, müdir olub və hörmətimiz olub. İnanmışıq, dediklərin etmişik”.

İclasda zərərçəkmiş şəxs qismində Sevda Xəlilova da ifadə verib. Bildirib ki, əmanətləri başqa bankda olub: “Tural Axundov mənim kürəkənimdir. Bizə qonaq gələndə dedi ki, siz əmanətləri “Dəmir Bank”a qoysanız yaxşı olar. Mən də dedim ki, banklara inanmıram. Tural bildirdi ki, onların da pulları həmin bankdadır və Fərəh Rəşadətli adlı xanımdan danışdı. Dedi ki, mərd qızdır. Mən də kürəkənimə inandım və getdim Fərəh Rəşadətli ilə tanış oldum. 300 min manat öz adıma, 300 min qızım Gülnurun adına və 150 min dollar digər qızımın adına banka pul qoydum. Fərəh xanım dedi ki, “Dəmir Bank” çox etibarlı bankdır. Sonradan faizlər yubanmağa başladı. Soruşdum, dedi ki, devalvasiya ilə bağlıdır. Mən əmanətləri götürmək istədim. Fərəh xanım dedi ki, götürməyim. Mən də yenidən razılaşdım. Lakin yenə də faizlər gecikirdi. Biz getdik əmanətləri götürməyə, dedilər: “Gedin, baş ofisdən alın”. Sonra bizə dedilər ki, bankda əmanətlər yoxdur. Bildirdilər ki, yalnız 30 min dollar var. Bildirdilər ki, əmanət banka qoyulub və götürülüb. Tələb edirəm pullarım qaytarılsın”.

Daha sonra o sualları cavablandırıb. Bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində neçə dəfə ifadə verib və F.Rəşadətli ilə üzləşmək istəyib. Lakin buna şərait yaradılmayıb:

“Dedilər, Fərəh Rəşadətli bildirib ki, özümü öldürəcəm. Ona görə də görüşmək olmaz”. F.Rəşadətli isə elə söz demədiyini söyləyib.

İclasda məlum olub ki, S.Xəlilovanın adından mülki iddia yoxdur. Vəkillər ondan pulu kimdən tələb etdiklərini soruşublar. S.Xəlilova pulu həm bankdan, həm də Fərəh Rəşadətlidən tələb etdiyini deyib.

Proses dekabrın 28-ə davam edəcək.

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən F.Rəşadətli ötən prosesdə məhkəmə zalında həbs edilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinirlər. Cinayət işində 8 nəfər zərərçəkmiş var.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq, məhkəməyə göndərilib.

Ana səhifəXəbərlərBankın sabiq rəhbəri məhkəmə qarşısında