Məcburi köçkün Cavid banka borcunu ödəyə bilmir. O deyir ki, 2014-cü ildə “Nikoyl bank”dan 6400 dollar məbləğində kredit götürüb. 4 uşaqlı ata ticarətlə məşğul olub, həm ailəsini təmin edir, həm də borcunu vaxtında ödəyirmiş. Devalvasiyalara qədər.
Cavid bəyin sözlərinə görə, ona bank tərəfindən heç bir guzəşt edilməyib. Manat dəyərdən düşəndən sonra o da dövlətin gözündən düşür. Xəzər Rayon Məhkəməsi hakim Rəşad Həsənovun qərarı ilə 10 günlük həbsə yollanır.
Cavid deyir, iş üçün hər yerə müraciət edir, amma ya iş tapmır, ya da ailəsinin qayğılarını ödəməyə yetəcək maaş. Böyük qızı da epilepsiya xəstəsidir. Deyir, bankdan götürdüyü pulun çox hissəsini də onun müalicəsinə sərf edib.
Evin xanımı Səbinə xanım danışır ki, qardaşları Xocalı facisində əsir düşüb. İllərdir qardaşlarının ağrısını ürəyində daşıyan qadın indi də qızının dərdini çəkir.
Əlixanovlar ailəsi illərdir bu evdə yaşayır. Onlar deyir ki, yağış yağanda su evlərinə axır. Onlar Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə və Əli Həsənovun qəbuluna gedəndə bu cavabı alıblar.
İradla bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən açıqlama almaq mümkün olmadı.