Bank VTB-də korrupsiya qalmaqalı

600 min manatı kim mənimsəyib?

Source:


600 min manatı kim mənimsəyib?

Son 4 ildə Bank VTB 14 filial açıb. Bunlardan 11-i Bakıda, habelə Gəncədə, Sumqayıtda və Xırdalandadır. Hər birindəki təmir işlərini “Yurd Tikinti” MMC aparıb.

“Sonradan bank iddia etdi ki, təmir zamanı 600 min manat mənimsənib. Bu səbəbdən iyulun 10-da Səbinə Əsgərova və Samir Həsənov işdən çıxarılıb. Həmin şəxslər işə bərpa olunmaq üçün Nəsimi rayon Məhkəməsinə, habelə banka qarşı şikayətlə bir sıra dövlət orqanına müraciət etdilər. Bundan sonra VTB qarşılıqlı iddia verərək, dəymiş zərərin əvəzinin ödənilməsini tələb etdi. Dəymiş zərəri işçilərinin ayağına yazan bank ziyanın əvəzini yalnız onlar məhkəməyə müraciət etdikdən sonra tələb etdi. Niyə? Bank üçün əmanətçilərinin ona etibar etdiyi 600 min manat heç nədir? Bəlkə zərər heç olmayıb? Olubsa, bəlkə başqalarının təqsiri ucbatındandır və bank məhkəmə prosesində yeyintinin əsl müəlliflərinin ifşa olunacağından qorxub?”, – işçilərin hüquqlarını müdafiə edən vəkil Polad Cabbarlı belə deyir.

“Bank yeyintinin harada baş verdiyini düşünür?”

Vəkil təmirin aparılması qaydasına nəzər yetirərək bildirir ki, podratçını müəyyən etmək üçün bank hər dəfə tender keçirib. Bütün tenderlərin qalibi “Yurd Tikinti” MMC olub:

“Bunu isə bankın Tender Komitəsi müəyyən edib. “Yurd Tikinti” təmiri aparıb və filialları təhvil verib. Bank yeyintinin harada baş verdiyini düşünür? Bu ilin martında bank aparılan təmir işlərinin yoxlanılmasını “Baker Tilly Azərbaycan” audit şirkətinə tapşırıb. Bankın (ümumiyyətlə, dünya üzrə VTB Qrupunun) daimi auditoru “Ernst&Young” ola-ola, bu işi nədənsə ona həvalə etməyib. Digər tərəfdən, bankın nizamnaməsinə görə auditoru Müşahidə Şurası müəyyən etməli olduğu halda, qərarı Tender Komitəsi verib, özü də tender-filan keçirmədən. Nəticədə, sözügedən auditor 3 filialın təmirini yoxlayaraq, 164 min manat yeyintinin olduğunu müəyyənləşdirib. Bank isə avtomatik 3 filial üzrə yeyintini 14 filialın hamısına şamil edərək, 600 min manat yeyinti olduğunu müəyyənləşdirib”.


Cavabdeh kimdir?

P.Cabbarlı bildirir ki, bu səbəbdən günahkar bilinib işdən çıxarılanlar, ümumiyyətlə, bu işlərə cavabdeh deyillər:

“Səbinə Əsgərova banka mühasib kimi gəlib. Sonra Biznes proseslərin təşkili İdarəsinin rəisi olub. Əmək müqaviləsində indi də bu vəzifə göstərilib. Bank rəhbərliyi 2 il əvvəl ondan xahiş edib ki, ictimai əsaslarla Bankdaxili fəaliyyət İdarəsinin rəisi vəzifəsini də icra etsin. O da həmin vəzifəyə işçi tapılanadək pulsuz işləməyə razılaşıb. Amma bildirib ki, maliyyəçidir və tikinti-təmir işini bilmir. Rəhbərlik də deyib ki, narahat olma, elə işlər olanda, sən yalnız imza edəcəksən, işi başqaları görəcək. Beləliklə, Əsgərovanın nə əmək müqaviləsində, nə də vəzifə təlimatında filialların təmiri ilə bağlı hər hansı vəzifəsi yoxdur. Samir Həsənov isə bankın Təsərrüfat Şöbəsinin müdiri olub. Həmin şöbə Əsgərovanın ictimai əsaslarla rəisi olduğu Bankdaxili fəaliyyət idarəsinin tərkibindədir. Həsənovun da vəzifə təlimatında təmir-tikinti işləri ilə bağlı hər hansı vəzifəsi təsbit edilməyib. Onların filialların tikintisinə dair məsuliyyət daşıması mümkün deyil”.


Tender Komitəsi iş həcmini nəyə əsasən müəyyən edib?

Əslində, iş həcmi Səbinə Əsgərovanın məlumatı əsasında müəyyən edilməli olsa da, o, bu sahənin mütəxəssisi olmadığından “Yurd Tikinti” MMC-nin rəyi əsasında müəyyən edilib: “Şirkət iş həcmini hər dəfə özü hazırlayıb. Bankın rəhbərliyi Səbinə xanıma deyib ki, bu iş üçün əlavə mütəxəssis cəlb etməyə pul yoxdur, elə qoy tenderin daimi qalibi bu işi özü görsün! Təbii, “Yurd Tikinti” MMC də bu işi görüb. Sonra da özünün hazırladığı tender şərtləri üzrə qiymət təklifi verib və bütün tenderləri udub. Tender Komitəsinin bütün üzvləri də təbii ki, bunu bilib. Ən azı ona görə ki, Əsgərovanın bu sahənin mütəxəssisi olmadığını və ümumiyyətlə, bu işi əmək müqaviləsi əsasında deyil, ictimai əsaslarla gördüyünü bilirdilər. Lakin nəticədə, məhz Əsgərovanı və Həsənovu işdən azad ediblər ki, guya onlar iş həcmini şişirdərək, banka 600 min zərər vurublar”, – deyir, vəkil.


“Niyə bank indiyə qədər “Yurd Tikinti” MMC-dən pulunu geri istəməyib?”

Polad Cabbarlı deyir ki, tutaq ki, lap Əsgərova və Həsənov iş həcmini artıq göstəriblər. Fərqi yoxdur, qəsdən, ehtiyatsızlıqdan və ya bilmədən. Və nəticədə banka 600 min zərər dəyib. Həmin 600 min “Yurd Tikinti” MMC-yə ödənib axı. Bank niyə indiyə qədər həmin şirkətdən pulunu geri istəməyib?

“Çünki şirkət iş həcminin özü tərəfindən hazırlandığını indi inkar edir. Bu halda banka sual: bəs kim hazırlayıb? Axı Əsgərova bu sahədə mütəxəssis deyil. Lakin hər bir halda həmin işi gördüyünü təhvil-təslim aktlarında göstərib və məhz həmin işə görə pul alıb. Yəni artıq pul alıb. Bank niyə həmin pulu ondan geri istəmir? Buradan məlum olur ki, bank rəhbərliyi bunda maraqlı deyil. Bəlkə onlardan kimsə “Yurd Tikinti” MMC ilə əlbir olub?! İşçisini işdən çıxaran və onların banka zərər vurduğunu deyən bank niyə zərəri birbaşa vuran şəxsə qarşı iddia qaldırmayıb? Bəlkə bank rəhbərliyi bankın ağır maliyyə durumunu bu işçilərin üzərinə atmaq istəyir? Unutmayaq ki, VTB-nin səhmlərinin 51 faizi Rusiya VTB-sinə, 49 faizi isə “Ata Holdinq”ə məxsusdur. Yəqin, ən azı “Ata Holdinq” bankın belə ağır vəziyyətə düşməsinin səbəbini daim soruşur. Bankın rəhbərliyi də deyir ki, filialların təmirində yeyinti olub, biz də təqsirkar işçiləri azad etmişik”.


Bank: “Səbinə Əsgərova və Samir Həsənov tutduqları vəzifə səlahiyyətlərinə müvafiq filialların təmir-tikinti işlərinə cavabdehlik daşımışlar”

Məsələyə münasibət öyrənmək üçün VTB banka informasiya sorğusu göndərdik. Sorğuda bu suallara cavab istənilirdi: 1. Bank niyə zərərin ödənməsi ilə bağlı işçilərdən öncə məhkəməyə müraciət etməyib? 2. Səbinə Əsgərova və Samir Həsənov filialların tikintisində məsuliyyət daşıyırdılarmı? 3. Bank niyə zərəri podratçıdan tələb etmir?

Cavabda deyilir ki, bankın iddia ərizəsi ilə məhkəməyə müraciətlə bağlı hazırlıq işləri gedərkən qarşı tərəf işə bərpa ilə bağlı məhkəməyə müraciət edib: “Bank da öz növbəsində qarşılıqlı iddia ilə tələblərini irəli sürüb”.

Bankdan bildirilir ki, Səbinə Əsgərova və Samir Həsənov tutduqları vəzifə səlahiyyətlərinə əsasən təsərrüfat fəaliyyətinə, o cümlədən filialların təmir-tikinti işlərinə cavabdehlik daşıyıblar:

“Bu məsələlərə dair sübut və sənədlər məhkəməyə təqdim olunub. Həmin məsələlərə məhkəmə hüquqi qiymət verdikdən sonra zərurət yaranarsa, məlumatlar açıqlanacaq. Hesab edirik ki, bankın qeyd olunan keçmiş əməkdaşları tərəfindən ciddi qanun pozuntularına yol verilib. İddia ərizəsində həmin şəxslər barədə məhkəmə tərəfindən xüsusi qərarların çıxarılması və işin hüquq-mühafizə orqanlarına göndərilməsi tələbini də əks etdirmişik. Bütün digər məsələlər məhkəmənin qanuna əsaslanan mövqeyindən və qərarından asılı olacaq”.


“Məhkəmə banka vurulmuş zərəri tanımırsa, işçilər niyə azad olunub?”

İşçilər məhkəməyə, prezidentə və digər dövlət orqanlarına (hətta “Baker Tilly Azərbaycan”la bağlı Audit Palatasına da) şikayətlə müraciət ediblər. O cümlədən bankdakı korrupsiya faktları ilə əlaqədar müvafiq tədbirlər görmək üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Bankda yoxlama aparmasını xahiş ediblər.

“Məhkəmə gözlənilmədən bitdi. Hakimlər işin bütün hallarına baxmadan hər iki iddianı rədd etdi. Yəni işçilərin banka qarşı işə bərpa iddiasını və bankın işçilərə qarşı zərərin əvəzinin ödənilməsi iddiasını. Bu qərar gözlənilməz olmaqla bərabər, absurddur”, – deyir, Polad Cabbarlı:

“Məhkəmə banka vurulmuş zərəri tanımırsa, işçilər niyə azad olunub? Görünən odur ki, bank öz iddiasının da təmin edilməsində maraqlı deyil. Axı, dediyim kimi, zərərin vurulması məsələsi tam araşdırılsa, ipin ucu tam başqa istiqamətə aparacaq. Buna görə də bank indi istəyir ki, işçilər apellyasiya şikayəti verməsin və hər şey bu mərhələdə bitsin. Qəribə bankdır: ona dəymiş zərərin əvəzini istəmir ki, istəmir! Təki iş hərtərəfli araşdırılmasın”.


İş Apellyasiya Məhkəməsindədir

Hazırda iş Apellyasiya Məhkəməsindədir. İki iclas olub.

“İclaslarda hələlik iki məsələ qızğın müzakirə predmetidir. Mən vəsatət vermişəm ki, 3-cü tərəf kimi “Baker Tilly Azərbaycan” və “Yurd Tikinti” MMC prosesə cəlb edilsin. Habelə təmir-tikinti işlərinin məhkəmə ekspertizası həyata keçirilsin. Dünənki iclasda hakim “Baker Tilly Azərbaycan” və “Yurd Tikinti”nin prosesə cəlb edilməsi ilə bağlı qərar verildi. Ekspertizaya onların iştirakı ilə qərar veriləcək”, – deyir, Polad Cabbarlı.

Ana səhifəXəbərlərBank VTB-də korrupsiya qalmaqalı