”Bank tərəfindən qanunsuz kredit faizləri tutulur”

Əkrəm Həsənov: “Kreditini bağlamış şəxslər də 3 il ərzində artıq ödədikləri faizləri bankdan geri tələb edə bilərlər”

Source:


Əkrəm Həsənov: “Kreditini bağlamış şəxslər də 3 il ərzində artıq ödədikləri faizləri bankdan geri tələb edə bilərlər”

“Mülki Məcəlləmizin 741-ci maddəsinə əsasən, kredit faizləri ildə bir dəfə tutulmalıdır. Lakin bizim banklar faizləri ayda bir dəfə tutur. Nəticədə borclunun kredit yükü artır: daha çox faiz ödəyir, əsas borcu isə çox ləng azalır”.

Bu sözləri Facebookda bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov yazıb. O, fikirlərini sxemlə əsaslandırıb:

“Şəkildəki misala diqqət yetirin. 1 il müddətinə 20 faizlə 100 min kredit götürülüb. Bankın qrafiki əsasında borclu ayda 9 263.45 ödəyir. Əslində, həmin məbləğ tam olaraq əsas borca yönəldilməlidir (qırmızı rənglə işarələnmiş rəqəmlərə baxın). Lakin bank həmin məbləğin bir hissəsini faizin ödənilməsinə yönəldir, halbuki il ərzində faiz ödənilməli deyil (sarı rənglə işarələnmiş rəqəmlərə baxın). Nəticədə əsas borc qanunla nəzərdə tutulmuş qaydada azalmır (yaşıl rənglə işarələnmiş rəqəmlərə baxın). Əslində, əsas borc artıq 11-ci ayda tam ödənilib. Lakin bankın qrafikinə görə, əsas borc guya yalnız 12-ci ayda bağlanıb. Bank borclunun il ərzindəki aylıq ödənişlərini bütövlükdə əsas borca yönəltsəydi, təbii ki, ilin sonunda ödənilməli olan faizlərin də məbləği daha az olardı, çünki əsas borc azaldıqca, ondan tutulan faizlərin də miqdarı azalır. Lakin bunu etmədiyi üçün bank daha çox faiz gəliri qazanmış olur: 9 841.84 əvəzinə 11 161.41.  Fərq 1 319.56”.

Ekspert deyir ki, bu misal hələ yaxşıdır. Çünki reallıqda banklar əhaliyə krediti daha yüksək faizlə və daha uzun müddətə verir. Buna görə də bankların xüsusilə kredit müddətinin ilk dövründə tutduğu faiz ödənişləri hətta əsas borc üzrə ödənişlərdən də çox olur:

“Başqa sözlə, bankların qanunsuz faiz gəlirləri xeyli məbləğ təşkil edir. Buna görə də borclular məhkəmə prosesi əsnasında bu məsələni mütləq qaldırmalı və ən azı əsas borclarının azaldılmasına nail olmalıdırlar. Banka qarşı iddiada (qarşılıqlı iddiada) və ya etirazda təxmini belə yazmaq olar: “Kredit müqaviləsində kredit üzrə faizlərin ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Faktiki olaraq da faizlər məndən ayda bir dəfə tutulub. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Beləliklə, mülki dövriyyə iştirakçıları arasında müqavilə azadlığı prinsipini təbliğ edən bu müddəa sonsuz “azadlığı” məhdudlaşdıraraq, imperativ normalardan asılı edir. Kredit müqavilələrində faizlərin ayda bir dəfə tutulmasının nəzərdə tutulması və faktiki olaraq tutulması MM-in 741-ci maddəsində təsbit edilmiş imperativ normanın pozulmasıdır. Nəticədə mənim banka olan əsas borcum şişirdilmişdir. Belə ki, mənim il ərzində banka ayda bir dəfə ödədiyim pul məbləği əsas borca yönəldilsəydi, borcum xeyli azalmış olardı. Buna görə də kredit üzrə faizlərin ayda bir dəfə tutulması haqda kredit müqaviləsinin müddəasının etibarsız hesab edilməsini, habelə mühasibatlıq ekspertizası təyin edərək, MM-in 741-ci maddəsinin tələbi nəzərə alınmaqla mənim banka borcumun həqiqi məbləğinin və bundan sonrakı ödənişlərimin qrafikinin müəyyən edilməsini xahiş edirəm”.

Əkrəm Həsənov deyir ki, əslində, sözügedən pozuntuya görə kredit müqaviləsi, ümumiyyətlə, etibarsızdır: “Belə ki, MM-in 337.1-ci maddəsinə əsasən MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Deməli, o cümlədən MM-in 741-ci maddəsində müəyyənləşdirilmiş imperativ hüquq normasını pozmaqla bağlanmış kredit müqaviləsi də etibarsızdır. Deməli, MM-in 337.5-ci maddəsinə uyğun olaraq borclu banka kredit məbləğini, bank isə borclunun ödədiyi faizləri və komisyon haqları qaytarmalıdır (başqa sözlə, banka yalnız əsas borc qaytarılmalıdır!). Təbii, kim istəsə bu variantdan da istifadə edə bilər. Lakin məhkəmələrin ölkədə bağlanmış bütün kredit müqavilələrini etibarsız hesab edəcəyi real görünmür. Mühasibatlıq ekspertizası təyin edərək faizlərin ildə bir dəfə ödənilməsini rəhbər tutaraq əsas borcu azaltmaları isə real və qaçılmazdır! Çünki qanunun tələbi birmənalıdır”.

Əkrəm Həsənov onu da qeyd edib ki, kreditini bağlamış şəxslər də 3 il ərzində artıq ödədikləri faizləri bankdan geri tələb edə bilərlər: “Yəni dediklərim yalnız mövcud kreditlərlə yanaşı tam ödənilmiş kreditlərə də aiddir. Banklar sizdən qanunsuz olaraq artıq pul tutub və tutur. Odur ki, haqqınızı tələb edin”.

Ana səhifəXəbərlər”Bank tərəfindən qanunsuz kredit faizləri tutulur”