””Bank Standard”-da 707 milyon qeyri-işlək kredit var”

Natiq Cəfərli: ”Banklarda faiz aşağı düşməsə, iqtisadi aktivliyi artıra bilməyəcəklər”

Source:


Natiq Cəfərli: ”Banklarda faiz aşağı düşməsə, iqtisadi aktivliyi artıra bilməyəcəklər”

“Bank Standard” QSC-nin aktivlərinin ləğvedici tərəfindən qiymətləndirilməsi aparılıb.

APA yazır ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, kreditlər ilkin təsnifləşdirilib və qiymətləndirilib: “Cari il martın sonuna bankda 24 min kredit olub. Bu kreditlərin həcmi 747 mln. manatdır. İşlək kreditlər 40,5 mln. manatdır. Bunların 33,3 mln. manatı təminatlı, qeyri-işlək kreditlər 707 mln. manat, bunun 271,2 mln. manatı təminatlıdır. Ümumilikdə, təminatsız kreditlər 442,9 mln. manatdır”, – deyə A.Cavadov bildirib.

Bankın qiymətləndirilməsi KPMG beynəlxalq audit şirkəti tərəfindən aparılıb. KPMG-nin rəyinə əsasən, kreditlərdən əldə olunması ehtimalı olunan likvid vəsait 112,3 mln. manatdır. Qiymətləndirməyə görə, bankda nağd vəsaitlərin həcmi 21 mln. manat, kreditlərdən daxilolma 112 mln. manatdır.

İqtisadçı Natiq Cəfərli deyir ki, “Bank Standard” ölkənin ən iri, 5 bankından biri idi. O boyda bankda problemli kreditlərin həcmi 707 mln. manatdır. Başqa sözlə, bankda cəmi 40 mln. manatlıq kredit portfeli normal, işlək, risk idarəetməsinə uyğun şəkildədir:

“Bank sistemində dəhşətin miqyasını bu rəqəmlər, həm də ölkənin ən böyük bankı – Beynəlxalq Bankda olan 10 mlrd. manata yaxın batmış kreditlər aydın göstərir”.

Natiq Cəfərli

Natiq Cəfərli deyir ki, bu gün Milli Məclis bank sektorunda canlanma yaratmaq üçün “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsini qəbul edilmək üçün tövsiyyə edibƏ:

“Deməli, banklara vətəndaşdan qoyun, inək, hinduşka, toyuq-cücə, televizor və sairə daşınan əmlakı girov götürüb kredit verməyə icazə verilir. Hörmətli deputatlar, camaat götürdüyü krediti qaytara bilmir, iqtisadi aktivlik can verir, gəlirlər düşür. Bunu necə ödəyəcək? Məsələn, Əbdülhəsən kişi öz “Alagöz” adlı inəyini banka girov qoydu, bank da inəyin bazar dəyərinin, maksimum, 60%-i dəyərində ona 25-30%-lə kredit verdi. Əbdülhəsən kişi bankdan aldığı 1000 manata nə biznes qurmalıdır ki, ildə həmin 1000 manatdan əlavə 300 manat qazanıb bankın kreditini ödəsin? Üstəlik, özünə də qazanc qalsın?! Təbii ki, Əbdülhəsən kişi həmin 1000 manata ya qızına cehiz alacaq, ya da oğlunu evləndirməyə xərcləyəcək, sonra da krediti qaytara bilməyəcək. Nəhayət bank gəlib inəyini əlindən alacaq. Bir müddət sonra da bank iş elanı yerləşdirəcək: Filan bank mal otarmaq üçün işçi axtarır”.

İqtisadçı deyir ki, banklarda faiz kəskin aşağı düşməsə, ucuz və uzunmüddətli kreditlərə çıxış imkanları olmasa, mal-qara, toyuq-cücə ilə bankları sağlamlaşdıra, iqtisadi aktivliyi artıra, insanları stimullaşdıra bilməyəcəklər.

Ana səhifəXəbərlər””Bank Standard”-da 707 milyon qeyri-işlək kredit var”