”Bank Standard” bağlanandan sonra orada hesab açıblar?

Əkrəm Həsənov: ”Bağlanmış bankın borcları duran yerdə arta bilməzdi”

Source:


Əkrəm Həsənov: ”Bağlanmış bankın borcları duran yerdə arta bilməzdi”

“Bank Standard”ın ləğv planı təsdiq edilməyib. Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov belə deyir. O, bunun səbəbinin bankın durumunun ağır olması ilə əlaqələndirib.

Yanvarın 26-da Bakı Apelyasiya Məhkəməsində hakim Kəmalə Abiyevanın sədrliyi ilə “Bank Standartın” ləğvi ilə bağlı növbəti qapalı iclas keçirilib.

Əkrəm Həsənov deyir ki, yanvarın 22-də keçirilmiş iclasda olduğu kimi, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ötən ilin II və III rüblər üzrə təqdim etdiyi Ləğv Planını yenə təsdiqləməyib:

“Fond 0,6 mln. manatdan artıq vəsait xərcləyib. Kreditorlar Komitəsinin adından plana etiraz və ləğvetmə prosesi ilə bağlı məhkəməyə 17 vəsatət verdim. Növbəti iclasın vaxtı hələlik, məlum deyil. Amma Fondun nümayəndəsi Planı təkmilləşdirmək üçün azı 2 həftəlik vaxt verilməsini xahiş etdi.

Plan çox bərbad vəziyyətdə idi. Hətta rəqəmlər də uzlaşmırdı. Məsələn, plandan belə çıxır ki, bank bağlanandan sonra orada hüquqi şəxslər 1673 bank hesabı açıblar. Halbuki lisenziyası ləğv olunmuş bankda hesabların açılması mümkün deyil. Digər misal: ötən ilin əvvəli ilə müqayisədə bankın borcları 192 mln. dollardan və 1,5 mln. avrodan çox məbləğində artıb. Bağlanmış bankın borcları duran yerdə arta bilməzdi axı?!”

Əkrəm Həsənov deyir ki, məhkəmədə həmçinin məlum olub ki, Fond ötən ilin 3 rübü ərzində planlaşdırıldığından ləğvetməyə 0,6 mln. manat çox vəsait xərcləyib:

“Özü də tam cəfəng əsaslarla. Məsələn, yazıblar ki, guya banka audit xidməti göstərilib. Bağlanan bankda nə audit? Məhkəmə də, mən də bu fərqin sənədli təsdiqinin təqdim edilməsini tələb etdik.

Əkrəm Əylisli
Əkrəm Əylisli

Planda bir daha vurğulanır ki, Sahibkarlığa Kömək Milli Fondunun bankda qalmış 20,3 mln. manatı digər kreditorlardan əvvəl ona qaytarılacaq. Bu qanunsuz müddəanın heç bir əsaslandırılması da yoxdur.

Uzun sözün qısası, planda texniki səhvlərdən tutmuş kobud qanun pozuntularınadək xeyli məqam var. İndi təsəvvür edin ki, Fond sənədləri belə hazırlayırsa, bankların ləğvini reallıqda necə həyata keçirir. Bütün bu və digər qüsurları əks etdirən və 10 səhifədən ibarət olan etirazımı məhkəməyə təqdim etdim.

Həmçinin məhkəmə qarşısında 17 vəsatət qaldırdım:



1. Fondun kreditorlar növbəliyində birinci yerdə olmasının Konstitusiyanın 29-cu maddəsinə uyğunluğu barədə Konstitusiya məhkəməsinə sorğu verilsin.



2. Son 10 il üzrə Mərkəzi Bankın və Palatanın bank üzrə yoxlama aktları təqdim olunsun.



3. KPMG ilə Fond arasındakı müqavilə təqdim olunsun.



4. KPMG-nin qiymətləndirməsi etimad doğurmadığından Bankın əmlakı aşağıdakı şirkətlərin biri tərəfindən təkrar qiymətləndirilsin: PwC, Deloitte, Erns&Young və BDO. Fondun nümayəndəsi bu vəsatətə kəskin etiraz etdi ki, onların qiyməti bahadır. Bəli, bahadır, amma gördükləri işdə obyektiv olacaq. Fondu bu narahat edir?



5-6. Bankın sağlamlaşdırılması dövründə Mərkəzi Bankdan alınmış 15 və 115 mln. manatlıq vəsaitin xərclənməsinə dair tam məlumat təqdim olunsun.



7. Bankın aktivlərinin digər banka köçürülməsi və bəzi müştərilərlə əvəzləşdirmə aparılması ilə əlaqədar tam hesabat təqdim olunsun.



8. Təminatı Mərkəzi Bankda da girovda olan kreditlər üzrə sənədlər toplusu təqdim olunsun.



9-10. Fond bankın əmlak vəziyyətinə dair rüblük hesabatları təqdim etsin. O cümlədən bütün kreditorlara bu hesabatlar və ləğv planı haqda məlumat versin.



11-12. Fond bankın əmlakından öz xərcləri üçün tutduğu vəsaiti geri qaytarsın, habelə artıq xərclərini sənədli şəkildə təsdiqləsin.



13. Fond güzəşt etdiyi borclular haqda tam hesabat təqdim etsin.



14. Fond borclulara qarşı apardığı məhkəmə proseslərinin siyahısını təqdim etsin.



15. Kreditorların reyestri Kreditorlar Komitəsinə təqdim olunsun.



16. Milli valyutanın devalvasiyasından əvvəlki gün ərzində bankda iri məbləğdə xarici valyuta alanların siyahısı təqdim olunsun.



17. Kreditorlar Komitəsinə üzvlük qaydası müəyyən edilsin”.

Hüquqşünas bildirir ki, bu vəsatətlərə məhkəmə növbəti iclasda baxacaq.

“Bank Standard”ın lisenziyası 2016-cı il sentyabrın 30-da ləğv edilib.

Ana səhifəXəbərlər”Bank Standard” bağlanandan sonra orada hesab açıblar?