Bank əməliyyatlarında yeni vergi ödənişi tətbiq olunacaq

Bu dəyişikliklər onlayn rejimdə alış-verişlərə şamil edilməyəcək

Source:


Bu dəyişikliklər onlayn rejimdə alış-verişlərə şamil edilməyəcək

Vergi Məcəlləsinə bəzi bank əməliyyatlarının həyata keçirilməsi zamanı vergi ödənişi müəyyən edən dəyişikliklər qüvvəyə minib.

Yeni qaydalara əsasən, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən bank həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında vergi tutur.

Həmçinin hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesabındakı pul vəsaitinin nağd qaydada verilməsi həyata keçirilərkən bank ödəmə mənbəyindən 1 faiz vergi tutacaq.

Qaydalar 2017-ci ilin yanvarından tətbiq olunur.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycanın hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan bank tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Bu zaman uduş olarsa, bu məbləğdən əlavə olaraq 10 faiz çıxılacaq. Bu qayda vergi uçotunda olan hüquqi şəxslərə və fərdi sahibkarlara aid deyil.

Bank eksperti “Turan”-ın müxbirinə deyib ki, bu dəyişikliklər onlayn rejimdə alış-verişlərə yox, elektron formada müxtəlif xidmətlərin göstərilməsinə aiddir. Məsələn, onlayn rejimdə qatar bileti alınması xidmət hesab olunur və vergi qoyuluşuna tabedir. Otel haqlarının onlayn ödənişi və təyyarə biletinin alınması bu siyahıdan çıxarılıb.

Ana səhifəXəbərlərBank əməliyyatlarında yeni vergi ödənişi tətbiq olunacaq