Əhali depozitə qoyduğu pula görə 10 faiz ödəyəcək
2015-ci il yanvarın 1-dən 1999-cu ildən fəaliyyət göstərən əmanətçilər üçün vergi tətilinin müddəti başa çatır. Ölkə parlamenti əhalinin bank əmanətlərindən gəlirlər üzrə 10%-lik vergidən azad edilməsinin müddətini uzatmayıb.
Ekspert Samir Əliyev indiki iqtisadi vəziyyətdə bu hərəkəti məqsədəuyğun hesab etmir və “tətil”in daha bir il uzadılmasını təklif edir.
Onun fikrincə, əks halda bu, əmanət bazarında, ümumilikdə isə bank sektorunda narahatlıq yarada bilər. Bank sektorunun düşdüyü vəziyyət isə ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək.
Bəzi ekspertlər güman edirlər ki, kiçik əmanətçilər öz yatırımlarlnı bank hesablarından geri götürə bilər ki, bu da kommersiya banklarının maliyyə göstəricilərinə mənfi təsir göstərər.
Bir çox əmanətçilər öz vəsaitlərini inflyasiyadan qorumağa çalışır, 10%-lik vergiyə cəlb olunma isə bu şansları minimuma endirəcək.
“Hökumət ilin əvvəlindən başlayaraq sahibkarlığın timsalında qeyri-neft sektorunu inkişaf etdirmək niyyətində olduğunu bəyan edib. Bunun üçün real sektorun maliyyələşdirilməsinin vacibliyi vurğulanıb. Ölkə prezidenti 2015-ci ilin dövlət büdcəsi haqqında qanunun tətbiqi barədə fərmanda Mərkəzi Bankının uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görməyi tapşırıb.
Əmanətlərə vergi güzəştinin ləğvi bu tapşırığın yerinə yetirilməsini çətinləşdirəcək. Çünki kredit faizlərinin ucuzlaşmasını təmin edən amillərdən biri də məhz cəlb edilən resursların ucuzluğudur. Kredit portfelinin yarısını təşkil edən əmanətlərin bahalaşması, öz növbəsində kredit faizlərini də bahalaşdıra bilər”, – ekspert bildirib.
Əhalinin bank əmanətlərinin ümumi məbləği 6,65 mlrd. təşkil edir. Bunun yarıdan çoxu (3,42 mlrd. manat) illik 9% ilə qoyulub.