Ekspert əhalinin yerli valyutaya güvəninin olmadığını, bunun isə bank sektoruna ciddi təhlükə yaratdığını bildirir
Azərbaycan əhalisinin bank əmanətlərinin strukturunda dollarlaşma dərəcəsi 2016-cı il sentyabrın 1-nə 81,6% təşkil edib. Əvvəlki ay bu göstərici 80,8% olub.
“Report” yazır ki, 2016-cı ilin əvvəlində isə əmanətlərdə dollarlaşma səviyyəsi 85%, 2015-ci ilin analoji dövründə isə 74,8% təşkil edib.
Cəmi depozit bazasında sentyabr ayının 1-nə dollarlaşma dərəcəsi 81,04% olub. Avqustda bu göstərici 80,01%, ilin əvvəlində 81,6%, ötən ilin analoji dövründə isə 74,89% təşkil edib.
Kreditlərin strukturunda sentyabrın 1-nə dollarlaşma dərəcəsi 48% təşkil edib. Avqustun 1-nə bu göstərici 48,2%, ilin əvvəlində 49,4%, 2015-ci ilin analoji dövründə isə 43,12% olub.
Mövcud vəziyyəti Meydan Tv-yə şərh edən iqtisadçı Natiq Cəfərli hesab edir ki, dollarlaşma əhalinin yerli valyutaya güvəninin olmamasının təzahürüdür: “Əhali əlindəki vəsaiti ən azından dollara çevirərək qorumağa çalışır.
Baxmayaraq ki, depozit faizləri xeyli dərəcədə endirildi, dollarla depozitlər 3 faiz, manatla depozitlər 15 faiz civarında qəbul olunur”.
N.Cəfərli dollarlaşmanın bank sektoruna ciddi təhlükə yaratdığını düşünür: “Çünki “StandartBank”ın timsalında göründü ki, depozitlərin 250 milyonu dollarlaydı. İndi həmin məbləğ ya dollarla qaytarılmalıdır, yaxud yerli valyutayla qaytarılsa da, əhali yenidən onu dollara çevirəcək”.
İqtisadçı manatın möhkəmlənməsi prosesini bir neçə amillə bağlayır: “Birinci, Mərkəzi Bankla Neft Fondu məqsədli şəkildə bazara təlabatdan daha çox valyuta çıxartdı. Əvvəllər tələb çox olsa da, 50 milyon dollar bazara çıxarılırdı, bu isə ajiotaj yaratdı. Amma Neft Fondu ilin sonuna qədər bu tempi saxlaya bilməyəcək.
İkinci, neftin qiymətində müəyyən artım müşahidə olundu, 40 dollardan 51 dollara qədər, bu da manatın möhkəmlənməsinə təsir edən ikinci amildir.
Üçüncü amil psixoloji faktorla bağlıdır, ajiotajın artmaması üçün Mərkəzi Bank məzənnəni cüzi endirməklə sanki mesaj vermək istəyir ki, ajiotaja gərək yoxdur, kifayət qədər dollar var, hətta dollara tələb də aşağı düşür. Ancaq bu dayanıqlı deyil, Mərkəzi Bank uzun müddət manatı möhkəmləndirə bilməyəcək, çətinlik çəkəcək. Həm ehtiyatlar kifayət qədər deyil, həm də ölkənin dollara tələbatı. Dollarlaşma səviyyəsi yüksəkdir. Eyni zamanda, hökumət özü də manatın ciddi möhkəmlənməsində də maraqlı deyil. İndiki məzənnəylə Neft Fondunun valyutasını manata çevirib büdcəyə transfer etmək daha sərfəlidir, ona görə ki, bu, fondun vəsaitlərinə qənaət şəraiti yaradır. Əgər neft bazarında müəyyən oynaqlıqlar olsa, əks prosesi görəcəyik. Məsələn, Amerikada neft ehtiyatlarının həcminin açıqlanması bazara təsir göstərə bilər”.
Ekspert hesab edir ki, bu məsələnin siyasi tərəfləri də var. Belə ki, hakimiyyət növbədənkənar prezident seçkilərinə gedəcəksə, manatın kəskin dəyərdən düşməsinin qarşısını inzibati yollarla alıb 1.60-165 səviyyəsində saxlamağa çalışacaq.