Bank borcuna görə zamin duran qadın həbs edilib

”Azərbaycan Avropada borca görə insanları həbs edən yeganə dövlətdir”

Source:


”Azərbaycan Avropada borca görə insanları həbs edən yeganə dövlətdir”

Sabunçu rayon Məhkəməsi banka zamin durmuş qadının həbs qərarını verib.

Məlumatı bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov yayıb. O, qərarı hakim Süleyman Ağayevin verdiyini bildirib.

“Atabank”a 8 min 701 manat borcu olan şəxsin zamini Lalə Nəriman qızı Bunyatova 10 gün müddətinə inzibati qaydada həbs edilib:

“Borclunun özünü tapa bilməyiblər. Ona görə də zamin duran şəxsi həbs ediblər. Qərarda bildirilir ki, işsiz zamin üzrsüz səbəbdən borcu ödəmir. Halbuki işsiz şəxsin borcu ödəməsi mümkün deyil və burada vətəndaşın hər hansı təqsirindən söhbət gedə bilməz”.

Əkrəm Həsənov buna oxşar işləri Avropa Məhkəməsinə göndərib. Deyir, həmin işlərlə bağlı rəyini təqdim etmək üçün hökumətə 16 yanvaradək vaxt verilib:

“Böyük ehtimalla Avropa İnsan Haqları Konvensiyasının 4-cü Protokolunun 1-ci maddəsinə əsasən, dövlətimizin əleyhinə qərar çıxarıb, qanunsuz həbs edilən vətəndaşlara kompensasiyanın ödənilməsini tələb olunacaq. Belə bir vəziyyətdə hakimin sözügedən qərarı çıxarması dövlətimizə qarşı atılmış addımdır. Onsuz da Avropada borcu ödəyə bilməyənləri həbs edən yeganə dövlət imicimiz formalaşır”.

Ə. Həsənov deyir ki, işin maraqlı tərəfi həbs edilən qadının “Azərbaycan Dəmir Yolları” QSC-də işlədiyidir:

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov

“Lakin icra məmuru bunu müəyyən etməyib və əmək haqqına tutma yönəltmək əvəzinə, xanımın həbsi barədə məhkəməyə təqdimat verib. Bundan əlavə, xanım borc üzrə haqqında məhkəmə qərarının olmasını yalnız oktyabrın 4-də, həbsindən 13 gün əvvəl bilib. Buna qədər ona heç bir sənəd göndərilməyib. Məlum olduğu kimi, məhkəmələr və icra məmurları adətən zaminlərə heç nə göndərmirlər. Borclunun özünü tapa bilməyəndən sonra isə zamindən yapışırlar”.

Hüquqşünas deyir ki, Lalə Bunyatovanın işi ilə bağlı apelyasiya şikayəti verəcəklər:

“Təbii, bu işin ən məyusedici tərəfi ilk dəfə borca görə qadının həbs edilməsidir. Kişiləri qanunsuz tutanda yenə başa düşürdük. Bəs indi? Hanı milli mentalitet, namus, qeyrət, kişilik? “Atabank”a çatanda bitdi hamısı? Onu da xatırladıram ki, “Atabank” bir əcnəbi xanımın borcunu bir ildən çoxdur ki, məhkəmə qərarını icra etməyərək ödəmir. Səbəb kimi də yenidən təşkil olunmasını göstərir. Elədirsə, onda elə onun da borcları ödəniməsin?!”.

Hazırda Azərbaycanda 31 bank fəaliyyət göstərir. Sentyabrın 1-ə olan məlumata görə, onların 5 milyon 720 min 291 nəfər müştərisi var. Müştərilərin 2 milyon 428 min 32-nin banklarda kredit hesabı var. Onların banklara olan vaxtı keçmiş borcları 1 milyard 824 milyon manatı ötüb. Bu da cəmi kredit qoyuluşunda 15 faizə çatıb.

İqtisadçı, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyir ki, bu, o deməkdir ki, borc problemi ölkədə qalan hər 3 nəfərdən birini narahat edir:

Qubad İbadoğlu

“Onların da 15 faizinin borc problemi ya məhkəmədə, ya da məhkəmə qərarlarının icrası strukturlarında “rüşvətlə çözülür”. Son məlumatlara görə, vaxtı keçmiş borclar bankların kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatından (1 milyard 635 milyon 700 min manatdan) çoxdur. Deməli, vaxtı keçmiş kreditlər üzrə bocların həcmi qırmızı xətti keçib. Əslində isə borcların həcmi çoxdan böhranlı səviyyədədir”.

Ana səhifəXəbərlərBank borcuna görə zamin duran qadın həbs edilib