Rəşad Şahbazov hədə-qorxu ilə pul tələbetmədə ittiham olunur
“Baş Kanal Media Group” adlı Youtube kanalının rəhbəri Rəşad Şahbazov həbs edilib.
O, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən saxlanılıb.
İddia olunur ki, Rəşad Şahbazov haqqında idarəyə şikayətlər daxil olub.
Onun həmin şikayətlər əsasında həyata keçirilmiş əməliyyat nəticəsində saxlanıldığı bildirilir.
İnternet kanalının təsisçisi və aparıcısı müxtəlif adamları rüsvayedici materiallar yaymaqla hədələyib, onlardan pul almaqda ittiham olunur.
Rəşad Şahbazova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham verilib.
Onun özünün və yaxınlarının bu ittihama münasibəti məlum deyil.
Rəşad Şahbazov bir neçə gün əvvəl rəhbərlik etdiyi kanalda xəbər vermişdi ki, polis idarəsinə çağırılıb.
Meydan TV-nin əldə etdiyi məlumata görə, Rəşad Şahbazov Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı oğludur.