“Bandotdel”də saxlandığım vaxtda hər gün döyülmüşəm”

Elgiz Qəhrəman: Dedilər “deyəsən, sən Amerika filmlərinə çox baxmısan”

Source:


Elgiz Qəhrəman: Dedilər “deyəsən, sən Amerika filmlərinə çox baxmısan”

Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan NiDA üzvü Elgiz Qəhrəmanın məhkəməsi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Azad Məcidovun sədrlik etdiyi iclasda Baş Mütəşəkkil Cinatərkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanov və idarənin baş əməliyyat müvəkkili Şahlar Cəfərov ifadə verib. Onlar E. Qəhrəmanın ötən iclas zamanı dediklərini təkzib ediblər və bildiriblər ki, E. Qəhrəman onların otağında olmayıb. E. Qəhrəan isə bildirib ki, K. Əlimərdanovun göstərişi ilə onu döyüblər: “Bu adamın göstərişi ilə məni “bandotdel”də saxlandığım 6 gün ərzində hər gün soyundurub döyür, alt paltarı ilə yeri təmizləməyə məcbur edirdilər”.

Elgiz Qəhrəman deyib ki, onu həbs edib Kərim Əlimərdanovun otağına aparıblar, orada narkotikin ona məxsus olması, Fətullah Gülənlə əlaqələrinin olması haqda ifadələrə imza atmaq tələb olunub. Onun sözlərinə görə, hər iki şahid onu dəfələrlə döyüblər: “Məni tutandan sonra Kərim Əlimərdanovun otağına apardılar. Orada döydülər. Sonra şəxsən Şahlar Cəfərov narkotiki cibimə qoydu. Tələb edirdilər ki, boynuma götürüm. Dedim ki, mənə vəkil verin. Kərim müəllim dedi ki, “deyəsən, sən Amerika filmlərinə çox baxmısan”. Ofisimizdən kompüterimi gətirib, “Facebook” hesabıma girdilər, paylaşdığım statusları, yazıları çap edib, Kərim Əlimərdanovun stolunun üstünə qoydular”.

K. Əlimərdanov və Şahlar Cəfərov isə bir daha onun dediklərini təkzib ediblər. E. Qəhrəman isə onların ikisinin də kabinetini təsvir edib: “Kərim müəllimin kabinetində 9 dənə telefon var. Aşağıda dubinkalar qoyulan yer var, dubinkanı oradan çıxartmışdı. Videokamera var, məni o kamera ilə çəkdilər. Şahlar Cəfərovun otağında beysbol çomaqları var”.

Şahidlər bildiriblər ki, yəqin R. Qəhrəman dəhlizdə aparılarkən otaqların qapıları açıq olub, kabinetlərin içərisini o zaman görüb.

İclasda E. Qəhrəmanın vəkilləri Fariz Namazlı və Nemət Kərimli həbs olunarkən Elgiz Qəhrəmana dövlət hesabına təyin olunmuş müdafiəçi Oqtay Əliyevin, gənc fəaldan tapıldığı iddia olunan narkotiklə bağlı rəy vermiş ekspertin məhkəmədə dindirilməsi, BMCMİ-dən əməliyyat məlumatlarının qeydiyyatı kitabının məhkəməyə gətirilməsi haqda vəsatətlər veriblər. Məhkəmə yalnız ekspertin dindirilməsi barədə vəsatəti təmin edib.

Ana səhifəXəbərlər“Bandotdel”də saxlandığım vaxtda hər gün döyülmüşəm”