Vəkil Elçin Sadıqov: “Biz də deyirdik ki, Yasamal rayon Məhkəməsinin qərarında göstərilənlər həqiqətəuyğun deyil, heç kəs bizə inanmırdı”
Yasamal rayon Məhkəməsinin 17 sentyabr tarixli qərarı ilə Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şirin Abbasov İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) və 310.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddələri ilə məhkum olunmuşdu.
DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) rəisi Seyfulla Əzimov vəkil Elçin Sadıqovun 17 sentyabr 2015-ci il tarixli məktubuna 17 noyabrda cavab yazıb.
Məktubda bildirilib ki, idarənin 16 sentyabr tarixində əməliyyatı zamanı Şirin Abbasovun özünü aqressiv apararaq heç bir səbəb olmadan polis əməkdaşlarının işinə müdaxilə etməsi əməliyyat tədbirinin pozulması ilə nəticələnib. Buna görə qanunvericiliyə əsasən Şirin Abbasovun barəsində inzibati protokol tərtib edilərək, məhkəmə tərəfindən 30 gün həbs inzibati tənbeh növü seçilib.
Məktubda daha sonra bildirilib ki, Ş.Abbasov həm araşdırma müddətində, həm də məhkəmə iclaslarında törətdiyi hüquqazidd əməllərini səmimi etiraf edərək, peşman olduğunu söyləyib: “Bundan əlavə, Şirin Abbasov saxlanıldığı andan dövlət hesabına təyin edilmiş vəkillə dəfələrlıə görüşmüş, digər vəkillərin xidmətlərindən isə imtina etmişdir”.
Vəkil Elçin Sadqıov məktub barədə Facebook səhifəsində bildirib ki, o, Yasamal Rayon Məhkəməsinin qərarında göstərilənlərin həqiqətəuyğun olmadığını açıqlayanda, inanmırdılar: “Vəkildən imtina ilə bağlı isə Şirin Abbasov bildirib ki, o heç vaxt vəkildən imtina etməyib. Əksinə, həmişə vəkili ilə görüş tələb edib. Dövlət hesabına təyin edilmiş vəkili, ümumiyyətlə, görməyib və o, BMCMİ-yə onunla görüşə gəlməyib”.