“Baku TV”-nin təsisçisinin ağır qəza törətdiyi bildirilir

Foto: Orxan Məmmədovun şəxsi facebook səhifəsi

Məlumata görə, qəza nəticəsində bir nəfər ağır yaralanıb

Hadisə şahidlərinin Meydan TV-yə verdiyi məlumata görə, Orxan Məmmədovun idarə etdiyi 90-OY-015 nömrəli “Porsche” markalı avtomobil mayın 16-da axşam saatlarında Heydər Əliyev prospektində motosiklet sürən şəxsi vurub.

Qəza nəticəsində motosiklet sürücüsünün ayağı qırılıb.


Bu hadisə hökumətə yaxın saytlarda yayımlanıb, lakin bir müddət sonra xəbər silinib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmasa da, Orxan Məmmədov özü sosial şəbəkə vasitəsilə hadisənin baş verdiyini təsdiqləyib.


Dediyinə görə, qəzaya o, yox, “Toyota Prius” markalı maşının sürücüsü səbəb olub:

“Dünən axşam saatlarında Heydər Əliyev prospekti ilə havalimanı istiqamətində hərəkətdə olarkən yolun sağ hissəsində “Toyota Prius”un dayandığını gördüm. Həmin an “Toyota Prius”un yanından motosiklet keçirdi və ehtiyatsız davranan həmin maşının sürücüsü qapını açarkən motosikletlə toqquşma baş verdi. Motosiklet sürücüsü qapıya çırpıldıqdan sonra müvazinətini itirdi və mənim idarə etdiyim avtomobilə doğru sürüşdü. Sürətimin aşağı olması sayəsində dərhal əyləci sıxdım və maşını vaxtında saxlaya bildim. Lakin motosiklet sürüşərək avtomobilimin ön buferinə toxundu. Şükürlər olsun ki, motosiklet sürücüsünə dəymədim. Maşını dərhal saxlayıb ilkin yardım göstərməyə çalışdım”.

Orxan Məmmədovun sözlərinə görə, motosiklet sürücüsünün xəsarət almasına səbəb “Toyota Prius”un qapısına zərbə ilə çırpılması olub.

“Baku TV” Azərbaycan hökumətinin nəzarətində olan “Global Media Group”Holdinqə daxil olan internet televiziyasıdır.

Televiziya tez-tez müxalifləri və müstəqil mediaları hədəfə alan materiallar yayımlayır.

Ana səhifəXəbərlər“Baku TV”-nin təsisçisinin ağır qəza törətdiyi bildirilir