Həkim: ”Damarı açdıq, stent qoyduq, indi reanimasiyadadır”
VI Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana gələn türkiyəli deputat Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Mərkəzi Klinikanın kardioloqu, dosent Firdovsi İbrahimov APA-ya
deyib
ki, MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu infarkt keçirib:
“İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində işemiyası, xırda problemləri olub, ancaq ciddiyə almayıb. Bu gün isə infarkt keçirib. Anında müdaxilə etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stent qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir”.
E.İhsanoğlu martın 16-da “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində çıxış zamanı özünü pis hiss etdiyini deyib, çıxışını yarımçıq dayandırmalı olub.
Martın 15-dən Bakıda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu keçirilir.
Tədbirin ilk günü prezident İlham Əliyev
çıxış
edib. Forumda həmçinin Albaniya prezidenti İlir Meta, Makedoniya prezidenti George İvanov, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak ediblər.