Baku 2015 Avropa Oyunları komitəsinə məsləhət bilərdim ki, Bakıya gələcək olan turistlər üçün bu 10 qızıl qaydanı da siyahıya salsınlar:
1. Hər yerdə “Heydər Əliyev” adına nələrsə görə bilərsiniz, bu, sizin dilinizdə küçə deməkdir.
2. Küçədə İcra Hakimiyyətinin maşınları hansısa heyvanı öldürsə, narahat olmayın. Bu dövlətimizin heyvanlara xüsusi qayğısının göstəricisidir. Onlar Leyla Əliyeva xanımın yaratdığı sığınacaqlarda kef edəcəklər.
3. Divarlardakı graffitilər əsla sizin gəlişiniz münasibətiylə çəkilməyib. Bu bizim xalqımızın taa Qobustan qayalıqlarındakı əl işlərinə qədər uzanan qədim adət-ənənələrimizdən biridir.
4. Şəhərə gedərkən, kənarda gördüyünüz hündür hasarlara görə də narahat olmağa dəyməz. Bu, sadəcə avtobus, maşın səslərinin yol kənarında yaşaqan vətəndaşları narahat etməməsi üçün tikilən tikililərdir.
5. Şəhərdən gələn pis qoxu, qədim şəhərimizə təşrif buyuran əbədi və əzəli düşmənlərimizin qoxusudur. Onlar təxribat yaratmaq üçün özləri ilə bu pis qoxunu da dartıb gətiriblər.
6. Bakıdakı tıxacların çoxluğu, ölkəmizdəki iqtisadi-sosial inkişafın bariz nümunəsidir. Belə ki, hər paytaxt sakininə 3 maşın düşdüyü üçün, belə hallar yaranır.
7. Təsadüfən yolda gedərkən İlham Əliyev, nazirlər və dövlət adamları qarşınıza çıxa bilərlər. Bəli, bizim rəhbər işçilər illərdir ki, xalqın arasında gəzir, selfie çəkdirir, işə piyada və ya velosipedlərlə gedib gəlirlər.
8. Birdən şəhərdə hansısa qudurğan məmur balasının maşınla avtoşluğunun şahidi ola bilərsiniz. Heç narahat olmağa dəyməz. Bu vətənpərvər oğullar qarşıdan gələn Formula 1 yarışlarına hazırlaşırlar.
9. Paytaxtımız küləklər şəhəri olduğu üçün, yay fəslində yağış yağa bilər. Belə olduğu halda, dövlətimiz sizin üçün ən qısa zamanda, heç bir xərc çəkmədən, Venesiyaya səyahət planlaşdırır. Odur ki, şəhəri basan suya görə də narahat olmayın, xaricdən gətirilən analoqu olmayan qayıqlar xidmətinizdə olacaq.
10. Bir ultra ağıllı merimiz var, çox şirin və çılğındır. Hər gün səhər tezdən ümummilli liderin qəbrini ziyarət edir. Qarşılaşıb etsəniz, təəccüblənməyin, sadəcə yola verin, getsin. Baş nazirimizi də görüb, etsəniz (hərçənd, buna inanmırıq) qorxmayın. O ölüb, sadəcə özünə demirik…