Bakının Yerevana şərtləri: “Bu tələblər sülhü niyə gecikdirsin ki?”

İlham Əliyev-Nikol Paşinyan. Mənbə: president.az

Deputat: “Ermənistan sübut etməlidir ki, Zəngəzur və Göyçə onundur”

Ermənistan mətbuatı son danışıqlar əsnasında Bakının Yerevandan son tələbləri barədə məlumat yayıb.

Ermənistan mətbuatı yazır ki, Azərbaycanın 5 tələbindən birincisi Dağlıq Qarabağ Müdafiə Ordusunun buraxılmasıdır:

“İkinci tələb Dağlıq Qarabağın heç bir, hətta muxtariyyət statusu olmadan Azərbaycanın bir hissəsi kimi tanınmasıdır”.

Bundan əlavə, Bakı Ermənistan ərazisindən dəhlizin verilməsini tələb edir.

Eyni zamanda, ötən əsrin 1919-1920-ci illərin xəritələri ilə delimitasiya və demarkasiya prosesinin aparılması da tələblər sırasına daxildir. Ancaq Azərbaycanın hansı xəritələrə əsaslandığı məlum deyil.

Tələblər sırasında sonuncusu Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsidir.

Ermənistan mətbuatı hesab edir ki, Bakı bununla gələcəkdə Ermənistanı hərbi cinayətlərdə ittiham etmək məqsədi güdür.

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyanın təmsilçilərindən olan Hikmət Babaoğlu Meydan TV-yə deyib ki, erməni mətbuatının yazdıqlarının doğru olub-olmadığı hələ bilmir:

“Əgər Ermənistan mətbuatının yazdıqları düzdürsə, həmin tələblər Azərbaycanın 5 baza prinsipinə söykənir. Eyni zamanda, yazılanlar doğrudursa, 2020-ci ilin noyabrında imzalanan Moskva bəyannaməsində öz əksini tapıb. Yəni Ermənistan bununla bağlı öhdəliklər götürüb”.

“Azərbaycan bütün erməni silahlı qüvvələrin çıxmasını tələb edir ki, bu da həmin sənədin 4-cü maddəsində göstərilib. Azərbaycanın kommunikasiyaların açılmasını və maneəsiz keçidin verilməsini tələb edirdi, bu, 9-cü maddədə öz əksini tapıb. Burada qeyri-adi heç nə yoxdur. Bu tələblər sülhü niyə gecikdirsin ki? Çünki Baş nazir Nikol Paşinyan da üçtərəfli bəyanata imza atıb və ona görə öhdəliklərini yerinə yetirməlidir”, – deyə deputat bildirib.

Hikmət Babaoğlu. foto: axar.az

Xəritələrə gəldikdə, Hikmət Babaoğlunun sözlərinə görə, ADR 1918-ci ilin mayın 29-da Ermənistana Yerevan paytaxt olmaqla 9 min kvadrat kilometr ərazi verib:

“Bu gün Ermənistan ərazisi 29.6 min kvadrat kilometrdir. Əgər Azərbaycan 9 min kvadrat kilometr ərazi veribsə, bəs 20.6 min kvadrat kilometr ərazini kimin hesabına böyüdüb: Gürcüstanın, Rusiyanın, Türkiyənin? Xeyr, deməli, Azərbaycanın əraziləri hesabına böyüdüb”.

“O zaman ədalətli olar ki, Ermənistan 9.6 min kvadrat kilometr ərazisinə çəkilsin. 1919-1920-ci illər xəritəsi 9.6 min kvadrat kilometrin üzərindədir və qalanı da şərtlə verilib. Azərbaycan Xalq Cümhuriyyəti şərt qoyub ki, Ermənistan Naxçıvana, Göyçəyə, Zəngəzura və Qarabağa iddia qaldırmayacaq. Bu gün Zəngəzurun qərbi, Göyçə gölü Ermənistandadır. Ona görə Azərbaycan sülh sazişi üçün tələsir. Ancaq bu sülh Azərbaycan ərazilərinin bərpası uğrunda həlak olanların xatirəsinə layiq olmalıdır. Yəni Ermənistan sübut etməlidir ki, Zəngəzur və Göyçə onundur”, – Hikmət Babaoğlu belə deyir.

“Əgər dediyiniz kimi, xəritələrlə sərhədlərin müəyyənləşməsini istəyiriksə, o zaman dəhlizi nədən tələb edirik?” sualına H.Babaoğlu belə cavab verib:

“Mən də şərti dedim ki, əgər Ermənistan mətbuatı doğru yazırsa, belə olmalıdır. Amma bizim danışıqlar barəsində dəqiq informasiyamız olmadığından şərti münasibət bildirə bilərik”.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətBakının Yerevana şərtləri: “Bu tələblər sülhü niyə gecikdirsin ki?”