və yaxud Brüsselə Moskvadan keçən yolun sonu
Azərbayan prezidenti İlham Əliyev Avropa İttifaqının “Şərq tərəfdaşlığı”nın Riqa sammitində iştirak etmədi. Dünyanın nəzəri İlham Əliyevin atacağı addımda idi. Lakin prezident Riqaya getmədi və dövlət başçısının bu addımı Avropa İttifaqının konkret mövqe sərgiləməsi ilə başa çatdı.
Məlum olduğu kimi, “Şərq tərəfdaşlığı” Avropa Birliyinin Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Ukrayna və Moldovanın Rusiyanın təsir dairəsindən qurtarılması istiqamətində ən önəmli proqramlardan hesab edilirdi.
Proqramın əsasi 2009-cu ildə Praqada qoyulub. Bakı üçün bu layihə həmişə əhəmiyyətli olub. Rusiyanın ekspansiya siyasətindən qorunmaq üçün Azərbaycan “Şərq tərəfdaşlığı”ndan bəhrələnməyi düşünürdü və xeyli müddət ərzində bu taktikadan uğurla yararlana bilmişdi də. Lakin bu məsələdə də Azərbaycan diplomatiyası qeyri-ardıcıllığı ilə fərqləndi.
Bir ayağı “Şərq tərəfdaşlığı”nda olan rəsmi Bakının digər ayağı Moskvada oldu. Avropa İttifaqında Bakının şıltaqlığına dözməkdən yorulublar. Bu səbatsız diplomatiyanın əvvəl-axır sonu olmalı idi.
Riqa sammitindən dərhal sonra verilən bir sıra bəyanatlarda və toplantının yekun sənədində qeyd edilən müddəalarda Bakıya qarşı sərt mövqe sərgiləndi.
Avropa Parlamentinin sədri Martin Şults bəyan etdi ki, Avropa İttifaqında “Şərq Tərəfdaşlığı” proqramının gələcək taleyi haqqında vahid fikir yoxdur: “Rusiyaya münasibətdə biz vahid mövqe tuturuq, amma bizim “Şərq Tərəfdaşlığı”na vahid yanaşmamız yoxdur.
Azərbaycan və Belarusun “Şərq Tərəfdaşlığı”nda iştirakı proqramı məhdudlaşdırır, belə ki, bu ölkələrin daxili quruluşu Avropa dəyərlərinə ziddir. Bu mənada hazırki sammit aralıq addım ola bilər. “Şərq Tərəfdaşlığı” daxili quruluşları Aİ və bizim təməl dəyərlərimizlə bir araya sığmayan Azərbaycan və Belarus kimi ölkələrlə bağlı sammiti çətinləşdirir”.
M. Şultsun bu açıqlamısını Bakıya vurulan sillə kimi də dəyərləndirmək mümkündür. Bu, elə belə də olmalı idi. Bakı son illər apardığı sürüşkən diplomatiya ilə belə nəticəyə nail olmalı idi və oldu da.
Beləliklə, Bakının bu qədər qürrələndiyi “balaslaşdırılmış siyasətin” sonu gəlmək üzrədir. Riqada Avropa İttifaqı və Bakı arasında əməkdaşlığın dayandırıla biləcəyi fikri açıq şəkildə ortaya qoyuldu. Acınacaqlı haldır. Lakin Bakı ona ayrılan etimad limitindən istifadə edə bilmədi.
Riqa sammitinə qatılmayan Azərbaycan ABŞ və Avropanın timsalında ciddi rəqiblər qazandı. Onsuz da Azərbaycanın Qərblə münasibətlərində ciddi böhran yaşanırdı. Təsadüfü deyil ki, ABŞ dövlət katibinin insan hüquqları üzrə köməkçisi Tom Malinovskinin vətəndaş cəmiyyəti və qərb institutlarına təzyiqlərinin müzakirə olunacağı Bakı səfəri də ləğv edilib. Bu, o anlama gələ bilər ki, artıq Vaşinqton Bakı ilə insan haqları barədə danışmağı mənasız sayır. Məsələ ondadır ki, son 20 ildə Bakı daima Qərbi coğrafi mövqeyi ilə şantaj edirdi. Lakin artıq ötən əsrin 90-cı illəri deyil və Azərbaycan da Qərb üçün daha əvvəlki önəmə malik deyil.
Qərbin təzyiqlərinin artdığı zamanlarda Bakı Rusiyaya doğru reverans edəcəyini nümayiş etdirirdi. Belə davranış strateji düşüncənin yoxluğundan irəli gəlirdi. Nəhayət ki, Bakının kaprizlərindən bezdilər və ona strateji baxımdan önəmsiz olduğunu anladaraq, “diplomatiya seçimində sərbəst olduğunu” başa saldılar.
Verilən mesajı təxminən belə formulə etmək olar- Rusiya ilə əməkdaşlıq etmək istəyən Azərbaycanın yolu açıqdır.
Lakin bir detalı da nəzərdən qaçırmaq olmaz. Qərb belə nadincliyi bağışlamır. Odur ki, proqnozlaşdırmaq olar ki, artıq Qərb Azərbaycana qarşı “yumşaq güc” tətbiq etmək fikrində deyil. Təzyiqlər arta və daha ciddi forma ala bilər. Daha bir vacib məqam ondan ibarətdir ki, indiyənə qədər Vaşinqton Bakı ilə münasibətlərində enerji daşıyıcılarını əsas götürürdü, demokratiya tələbi isə arxa plana keçirdi. Artıq ABŞ İranla yaxınlaşa biləcəyini nümayiş etdirir.
Ən azından Tehranın enerji daşıyıcılarının satışına qoyulan sanksiyaların yaxın gələcəkdə götürüləcəyi gözlənilir. İranın dünya bazarına çıxışı onsuz da həcm baxımından alıcılar üçün o qədər də cəlbedici görünməyən Azərbaycan neft və qazının bazarını daha da daraldır. İstisna deyil ki, İran nefti və qazı Türkiyə vasitəsilə Avropaya nəql edilə bilər. Hətta Türkmənistan qazı da bu marşrutla nəql oluna bilmək ehtimalına malikdir.
Bu marşrut Azərbaycandan yan keçərsə, Bakının vəziyyəti o qədər də ürəkaçan olmayacaq.
Artıq ABŞ-ın soyuq sintez üsulu ilə yeni enerji istehsalına başlamasından da söhbətlər reallaşmaq üzrədir. İqtisadi pradiqmaların dəyişməsi yeni eranın başlanmasından xəbər verir, artıq neft və qaz dövrü bitir. Öz əhəmiyyətini itirən bu faktor gesiyasi hesablaşmalarda daha ciddi arqument kimi nəzərə alınmaya bilər və regional enerji təhcizatçıları oyundan kənar vəziyyətə düşəcəklər.
Digər tərəfdən, ABŞ-ın Əfqanıstanda hərbi rolu zəiflədikcə, Azərbaycanın tranzit ölkə kimi strateji əhəmiyyəti və geosiyasi önəmi də azalır.
Eyni zamanda, enerji maraqları azaldıqca, demokratiya tələbləri də ön plana keçir. Maraqlıdır ki, “Şərq tərəfdaşlığı”nın yekun sənədində bildirilir ki, Belorusda 4, Ermənistanda 7 siyasi məhbus var. Azərbaycan isə siyasi məhbusların sayına görə lider elan edilir. Bu da Bakıya vurulan növbəti sillə oldu.
Bir məqama da diqqət edək. Riqa sammitinin yekun bəyannaməsində Ukrayna və Gürcüstanın ərazi bütövlüyü tanındı. Qarabağla bağlı məsələ isə sənəddə öz əksini tapmadı. BMT TŞ –nin Qarabağla bağlı 4 məlum qətnaməsini də yada salan olmadı. Kənardan görünən budur ki, Qərb Azərbaycandan əlini üzür. Bakı faktiki olaraq Rusiya ilə üzbəüz qoyulur. Azərbaycan hakimiyyəti üçün ən pis variant da elə budur. Belə ki, Bakı Kreml ilə meydanda tək, Qərbin köməyi olmadan qalmağa hazır deyil. Belə gedişat Azərbaycan hakimiyyətinin “ev tapşırığında” yol verdiyi ciddi nöqsanlara görə baş verir. Faktlara diqqət yetirək; Tom Malinovski Bakıya səfərini təxirə salır. Bir qədər əvvəl isə Rusiya Təhlükəsizlik Şurasının katibi, ordu generalı Nikolay Patruşev Azərbaycana səfər edib. N. Patruşevin səfəri zamanı əsas müzakirə predmetlərindən biri Avropa Oyunlarının keçirilməsi və Qarabağda atəşkəsin pozulması hallarının müzakirə edildiyi bildirilir. Sanki
Rusiya beynəlxalq idman yarışmasının təhlükəsizliyinin və Qarabağda atəşkəsin pozulmasının Kremlin əlində olduğunu nümayiş etdirməklə, Bakını şantaj edir. Rusiya yarı yolda dayanmaq fikrində deyil. Tezliklə RF prezidenti Vladimir Putinin Bakıya səfəri nəzərdə tutulub. Qarşıdan isə parlament seçkiləri gəlir. Kremlin sahibi indidən zəmanət almaq istəyir.
Əks təqdirdə, Azərbaycanın təhlükəsizlik məsələsi bir daha, amma artıq bir qədər də ciddi formada gündəmə gələ bilər…