Bakının mərkəzində, Nərimanov rayonunda 1930-cu illərin binası var. Əldən düşmüş binada təxminən 50 ailə yaşayır. Onlardan 25 nəfəri məcburi köçkünlərdir. 6 ildir binanın üst-başı tökülür, amma sakinlərin şikayətinə gələn rəsmi şəxslər “bir az da dözün” deyib gedirlər.
“Evin içində oturursan, bir də görürsən qapı örtüldü, ev silkələnir. Bina həqiqətən qəzalı vəziyyətdədir. Bax, o hissədən (sakinlərin su götürdükləri otağın tavanın göstərir) su daşan kimi camaat vanna ilə gedir, ya da çətir götürür ki, başına su tökülməsin. Haradasa 3 ay bundan qabaq oradan (tavanı göstərir) başıma daş düşdü. Amma xeyri nədir?! Dəfələrlə hər yerə müraciət etmişik, ortada heç nə yoxdur”-Sənan Baxşəliyev deyir.
“O gün nəvəm gedəndə bax oradan daş düşmüşdü, dedi bir az bu tərəfə keçməsəm, başıma düşmüşdü. Bax, ondan qorxuram”- Məhriyyə Novruzova həyəcanını bölüşür.
Almaz Məhərəmova Füzulidən köçkün düşüb. 1993-cü ildən bu binanın mətbəxində yaşayır. Bina köhnəldikcə, içəri doluşan siçovulları qapısına keçirdiyi taxta ilə saxlayır.
“Adam elə qorxur… O qapıda kim durar?! (üçük-sökük qapısını göstərir) İmkanım da yoxdur ki, bunu eləyəm. Bir az döşəmələr uçuq idi, onu da özümüz vurub düzəltmişdik amma yenə də uçub-dağılır. Nə qədər eləmək olar?!”
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məskunlaşma və miqrasiya şöbəsinin əməkdaşı İlqar Süleymanov bildirib ki, hökumətə qəzalı binalarla bağlı müraciət ediblər.
“Qəzalı vəziyyətdə olan binalar barədə biz Fövqəladə Hallar Nazirliyi ilə birlikdə müraciət etmişik. İndi hələ bir nəticə yoxdur”.
Məhriyə Novruzova isə qohumlarına utana-utana şəhərdə yaşadıqlarını deyir: “ O gün oğlumgilə qonaq gəlib, amma bura gələ bilmədi. Dedi, deyirsiniz Bakıda yaşayıram, sizin Bakınız budur?!”