Bakının mərkəzində güllələnmə: “Nicat Lənkəranski”yə qarşı sui-qəsdin detalları

Mənbə: Meydan TV

İttiham aktında sifarişin “Emin Naxçıvanski” tərəfindən verildiyi bildirilir

Kriminal aləmdə “Nicat Lənkəranski” kimi tanınan Nicat Əkbərova qarşı sui-qəsddə ittiham olunan üç nəfər məhkəmə qarşısına çıxarılıb.

Söhbət 2023-cü ilin martında Bakının mərkəzində – “Təzə bazar”ın yaxınlığında iki nəfərin güllələndiyi hadisədən gedir.

İttihama əsasən, həmin hadisədə Nicat Əkbərovun öldürülməsi planlaşdırılsa da, atılan güllələr başqasına dəymişdi.

Bu hadisəyə görə həbs olunan üç nəfərin – Ramal Məmmədov, Vüqar Quliyev və Şahmar İsmayılovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

1983-cü il təvəllüdlü Nicat Lənkəranski bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

O, məhkəmənin hazırlıq iclasında deyib ki, təqsirləndirilən şəxslərdən şikayətçi deyil.

Onunla yanaşı, daha iki nəfər zərərçəkmiş qismində tanınan var. Bunlar Fəqan Rəhimli və Tamerlan Hüseynovdur.

Adları çəkilən şəxslər isə hadisə vaxtı xəsarət alanlardır.

Sentyabrın 20-də məhkəmədə prokuror ittiham aktını elan edib.

Aktda göstərilib ki, Nicat Lənkəranskinin qətlinin sifarişi xarici ölkədə yaşayan, kriminal aləmdə “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovdan gəlib.

O, bu sifarişi hazırda məhkəmə qarşısında dayanan şəxslərdən Şahmar İsmayılova verib.

Onlar bu barədə telefonla danışıblar.

Emin Qasımov ona söz verib ki, bu işi görəndən sonra onun İstanbula çıxıb getməsinə, orada yaşamasına kömək edəcək.

İddia olunur ki, Şahmar İsmayılov da öz növbəsində bu işi Ramal Məmmədov və Vüqar Quliyevlə razılaşdırıb.

Onlar Nicat Əkbərovun yaşadığı evi müəyyənləşdiriblər, onu bir müddət izləyiblər.

Cinayət işinin materiallarında yazılıb ki, qətlin sifarişi üçün Emin Qasımov Şahmar İsmayılova ilkin olaraq 950 manat göndərib.

Hadisə günü Nicat Lənkəranski “Vurgun Residence”dən çıxıb maşınına minəndə ona tərəf atəş açılıb, lakin o, güllələrdən yayınıb.

Hadisədən sonra təqsirləndirilən şəxslər ölkəni tərk etmək istəsələr də, hava limanında saxlanılıblar.

Üç nəfər özlərini qismən təqsirli bilib.

Onlar deyiblər ki, ittiham aktında yazılan bir çox məsələlər şişirdilib.

Nicat Lənkəranskinin özü də bu hadisədən az sonra həbs olunub.

O, məhkəməyə də təcridxanadan gətirilib, amma məhkəmədə deyib ki, bundan sonrakı iclaslarda iştirak etmək istəmir.

Ana səhifəSosialBakının mərkəzində güllələnmə: “Nicat Lənkəranski”yə qarşı sui-qəsdin detalları