Bakının mərkəzində etiraz edənlər necə cəzalandırılıb?

Dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq” tələbi ilə aksiya keçirilib. Bəs Bakının mərkəzi – Fəvvarələr Meydanında etiraz edənlər necə cəzalandırılıb?

Meydana etiraza çıxanlar polis maşınına mindirilərək bölməyə aparılıb. Hətta iştirakçı olmadığını deyən ictimai fəal Rüstəm İsmayılbəyli də polisin gözündən yayınmayıb.

Aksiya təşkilatçıları İlkin Rüstəmzadə və Mete Türksoy etirazdan öncə saxlanılaraq paytaxtdan uzaq məsafəyə aparılıb.

Saxlanılanların bir neçəsi polis zorakılığı ilə üzləşdiyini deyib. 

AXCP fəallarından Paşa Dadaşzadə və xəsarət alıb. Onun etiraz edərkən Saleh Rüstəmlinin fotosunu qaldırdığı qolu 3 yerdən sınıb. 

Milli Şura və Müsavat Partiyasnın üzvü Tofiq Yaqublu başına torba keçirilərək döyülüb. DİN-dən bildirilib ki, Yaqublunun polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır. Bir qrup şəxs icra hakimiyyəti ilə razılaşdırılmamış aksiyaya cəhd edib və cəhdin qarşısı polis əməkdaşları tərəfindən “qətiyyətlə” alınıb.

Saxlanılan 5 nəfərə bugün – dekabrın 2-də Səbail Rayon Məhkəməsində həbs qərarı çıxarılıb. AXCP üzvləri Elçin Teymurov 25, İlham Hüseyn 30, Səyyad Quliyev 15, Elxan Əliyev isə 20 sutka inzibati qaydada həbs olunub. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (karantin rejimlərinin pozulması) maddəsini pozmaqda təqsirləndirilib. 

30 günlük azadlıqdan məhrum edilən digər şəxs şəhərdə gəzintiyə çıxarkən saxlandığı deyilən fəal Rüstəm İsmayılbəylidir. Ailəsi və dostları onun aksiya iştirakçısı olmadığını bildirib.

Rüstəm İsmayılbəyli aksiyadan sonra meydanda olmağın cəzasını həm də üniverstitet imtahanlarından kəsilməsi ilə ödəyəcək. 

AXCP üzvü Saleh Rüstəmli həbsinə etiraz olaraq 27 gündür aclıq edir, sağlamlığı təhlükə altındadır. İctimai fəallar hakimiyyətdən Saleh Rüstəmlinin azadlığını tələb edir.

Ana səhifəReportajBakının mərkəzində etiraz edənlər necə cəzalandırılıb?