Bakının mer institutunun yaradılması təklif edilib

Müxaliflər cəmiyyətin buna hazır olmadığını düşünür

Source:
Seçki
Seçki


Müxaliflər cəmiyyətin buna hazır olmadığını düşünür

Respublikaçı Alternativ Partiyası paytaxtın mer institutunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Partiya Məclisi oktyabrın 27-də bu barədə qərar qəbul edib:

“Konstitusiyanın 96-cı maddəsinə əsasən, 40 min seçicinin qanunvericilik təşəbbüsünə malik olduğunu nəzərə alaraq, “Bakı şəhərində seçkili mer vəzifəsinin təsis edilməsi haqqında”, eyni zamanda “Devalvasiya nəticəsində vətəndaşlara, banklara və müəssisələrə kredit ödənişləri ilə bağlı vurulmuş zərərin ödənilməsi haqqında”, eləcə də REAL İdarə Heyətinin gərəkli biləcəyi daha bir qanun layihəsinin hazırlanması və müvafiq sayda imzaların toplanması işi İdarə Heyətinə həvalə edilsin”.

ReAL-ın toplantısından arxiv foto
ReAL-ın toplantısından arxiv foto

Artıq Ümid Partiyasının sədri İqbal Ağazadə mer seçkilərinə iştirak edəcəyini bildirib.

Hər hansı istək az rol oynayır

Müsavat Partiyasının yetkilisi Gülağa Aslanlı təmsil olunduğu təşkilatın ölkənin iri şəhərlərində mer seçkilərinin keçirilməsini vacib saysa da, hakimiyyətin və cəmiyyətin buna hazır olub-olmaması sualına cavabın verilmədiyini düşünür.

Müsavat
Müsavat

Onun fikrincə, ölkə Konstitusiyasına Bakı, Gəncə, Sumqayıt da daxil ən azı 6 şəhərdə mer seçkilərinin keçirilməsi haqda müddəa salınmalıdır.

“Bu, Müsavat Partiyasının tələbləri sırasındadır. Əgər bu məsələ Konstitusiyaya salınmayacaqsa, hər hansı istək az rol oynayır. Yəni hakimiyyətin belə bir istəyi varmı, yaxud vətəndaş mer seçkisinə hazırdırmı sualı hələ açıqdır. Problem ondadır ki, əhali seçkilərdəki daimi saxtakarlığı gördüyündən seçkilərə həvəsli deyil”.

Demokratik şərait yaranmasa prosesə qatılmaq hakimiyyətin imicinin normal vəziyyətə salınmasına xidmət edir

AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli Azərbaycanda demokratik və azad seçki şəraitinin olmadığını bəyan edib:

“Demokratik və şəffaf seçki şəraiti olmadığına görə istənilən seçkidə iştirak etmək faktiki olaraq öz xalqını məğlubiyyətlə barışdırmaq deməkdir. Biz seçkini boykot və qatılmaq məsələlərini dəfələrlə sınaqdan keçirmişik. Əgər seçki komissiyaları yenidən formalaşmasa, demokratik şərait yaranmasa, qanunvericilikdə saxtakarlığa imkan verən müddəalar çıxarılmasa prosesə qatılmaq hakimiyyətin imicinin normal vəziyyətə salınmasına xidmət edir”.

AXCP-nin mitinqi (Arxiv foto)
AXCP-nin mitinqi (Arxiv foto)

N.Məmmədli AXCP-nin mer institutu və gələn il keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri haqqında heç bir müzakirə aparmadığını dedi.

Azərbaycan, paytaxtında mer institutu olmayan Avropa Şurasının yeganə üzvüdür

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini, iqtisadçı Rövşən Ağayev Meydan TV-yə deyib ki, Avropa Şurasının 2003 və 2012-ci illərdə Azərbaycan hökumətinə iri şəhərlərdə mer seçkilərinin keçirilməsi haqda tövsiyələri var.

“2003-cü ilin mayında verilən 126 saylı tövsiyənin 8.2.6-cı bəndində göstərilir ki, hazırda Bakı icra hakimiyyəti orqanları tərəfindən idarə olunur. Halbuki, bu idarəetmə vətəndaşların maraqları ilə ziddiyyət təşkil edir. Tövsiyədə göstərilir ki, vətəndaş maraqları naminə idarəetmədə qənaət və effektivliyi təmin etmək üçün bütün şəhər miqyasını əhatə edən demokratik şura seçilməlidir. Bütün tövsiyə və sənədlər Bakıda mer seçkisini zəruri edir. Üstəlik, Azərbaycan, paytaxtında mer institutu olmayan Avropa Şurasının yeganə üzvüdür.

Yeri gəlmişkən, mətbuatda tez-tez işlənən Bakı meriyası ifadəsi yanlışdır”.

Rövşən Ağayev
Rövşən Ağayev

R.Ağayev digər tərəfdən qeyd edib ki, Avropa Şurasının Nazirlər Kabinetinin Yerli özünüidarə haqqında Avropa Xartiyası haqqında ayrıca sənədi var.

“Avropa Şurası Azərbaycanda bələdiyyə institutunun zəifliyindən və onun real inkişafı üçün hökumətin yetərli addımlar atmamasından narahatdır”.

Rövşən Ağayev xatırladıb ki, “Bələdiyyələrin statusu haqqında” qanunda “yerli özünüidarə anlayışı” Xartiyanın tələblərinə uyğun və dəqiq müəyyən edilməyib. Habelə, yerli idarəetmə sistemində paralelizm mövcuddur.

“Ölkədə yerli idarəetmə həm yerli icra hakimiyyət orqanları tərəfindən, həm də son dərəcə məhdud rola malik bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyələrlə yerli icra hakimiyyəti orqanları arasında vəzifə və səlahiyyətlər dəqiq bölünməyib. Sənədə görə, Bakı şəhərinin statusu ilə bağlı qanunvericilikdə olan boşluqlar var. Ümumiyyətlə, Avropa Şurası Azərbaycanda bələdiyyə institutunun zəifliyindən və onun real inkişafı üçün hökumətin yetərli addımlar atmamasından narahatdır”.

Azərbaycan hökumətinin vəziyyətin dəyişdirilməsi barədə planlarının olmaması xüsusi narahatlıq doğurur

Bələdiyyələrin inkişafı naminə QHT Alyansının (BİNA) koordinatoru Azər Mehtiyev bildirdi ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Kongresinin hələ 2012-ci ildə keçirilən 23-cü Sessiyasında Konqresin Monitorinq Komitəsinin hazırladığı “Azərbaycanda yerli və regional demokratiya” məruzəsi müzakirə edilərək 345 saylı Qətnamə və 326 saylı tövsiyələr qəbul edilib:

Azər Mehtiyev
Azər Mehtiyev

“Sənəddə xüsusi olaraq vurğulanıb ki, Azərbaycan hakimiyyəti hələ 2003-cü ildə vəziyyətin dəyişdirilməsi məqsədilə onlara ünvanlanmış tövsiyələrin əksəriyyətinə məhəl qoymayıb. Məruzədə Azərbaycanın Yerli özünüidarə haqqında Avropa Xartiyasının müddəalarına riayət edilməməsindən, habelə Azərbaycan hökumətinin bu vəziyyətin dəyişdirilməsinə yönəlmiş planlarının olmamasından xüsusi narahatlıq ifadə olunur”.

Hakimiyyət seçkili orqanların çox olmasını arzu etmir

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı hesab edir ki, Azərbaycanın Avropa Şurasına qəbulundan sonra iri şəhərlərin mer instutunun yaradılması və bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi aktuallıq kəsb etdi.

“Amma təəssüflər ki, tədricən bələdiyyələrin fəaliyyəti məhdudlaşdırıldı və mer instutunun yaradılması prosesi inkişaf etmədi. Əslində, bu, hakimiyyətin seçkili orqanların çox olmasını arzu etmədiyini göstərdi. Birinci səbəb hakimiyyətin sərt mərkəzləşməyə getməsi idisə, ikinci, seçkili qurumlarda vətəndaşların fəallığı idi. Ona görə icra hakimiyyətləri bütün strukturların üzərində birbaşa nəzarət etdi. Əgər böyük şəhərlərdə seçkili orqanlar yaransaydı idarəetmə strukturları tamamilə yenidən formalaşmalıydı, seçilən şəxslər vətəndaşlarla təmasda olmalı və onların problemləri ilə yaxından tanış olmalıydı ki, onlar növbəti seçkiləri də qazana bilsinlər. Beləliklə, proses davamlı xarakter alacaqdı və hakimiyyət üçün əlavə “başağrısı” olacaqdı”.

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

B.Süleymanlı vurğulayıb ki, indiki halda bələdiyyələrin fəaliyyəti çox məhdudlaşdıırlıb, sanki icra hakimiyyətlərinin bir şöbəsidir.

“Bu mənada mer institutunun yaradılması hakimiyyət üçün əlavə problem olardı, baxın, Türkiyədə İstanbul bələdiyyə başqanlığına seçkilər növbəti prezident seçkilərinə hazırlıq sayılır”.

B.Süleymanlı güman edir ki, gələcəkdə mer institunun yaradılması istiqamətində müəyyən addımlar atılacaq, çünki böyük şəhərlərin idarəetməsi təyinatla ola bilməz.

“Təsəvvür edin ki, paytaxtda bir problem yarananda, insanlar Prezident Administrasiyasına üz tutur. Halbuki, problemi yaradan dövlət orqanları var. Təbii ki, hökumətin məsuliyyəti böyükdür. Ancaq heç kim məsuliyyət daşımadığından bir neçə nəfər hədəfə götürülür. Əgər bələdiyyələrin səlahiyyəti genişlənərsə, fərqli situasiya yaranacaq. Sual yaranır, kənd adamı yol, su probleminə görə icra hakimiyyətini günahlandırılmalıdır? Əlbəttə, kiçik kəndin yolunun açılışına prezident də qatılırsa, başqa cür ola bilməzdi”.

Ana səhifəXəbərlərBakının mer institutunun yaradılması təklif edilib