Satıcılar aradında istifadə etmədiyi əşyaları satanlar da var
…Bir tərəfdə canlı musiqi, bir tərəfdə dadlı yeməklər, içkilər, bir tərəfdə də heç bir bazarda görmədiyin qədər insan. Hamı “Cristmas Bazar”-ı eşidib gəlmişdi. Kimi sosial şəbəkələrdəki dəvətlərdən, kimi də dost-tanışdan.
Əksər yeni ili yaxşı qarşılayan ölkələrdə, İngiltərədə, Rusiyada, Fransada, İtaliyada dekabr öncəsi yeni il bazarları təşkil edilir. İnsanlar özlərinin hazırladıqları yeni il oyuncaqlarını, aksessuarları, suvenirləri, bişirdikləri şirniyyatları, hazırladıqları içkiləri satışa çıxarırlar. Hətta ucuz qiymətə istifadə etmədiyi yolka və oyuncaqlarını satmaq istəyənlər də olur.
İndiyə kimi Bakıda “Cristmas Bazar” təşkil edildiyini duymamışdıq. Bu il deyəsən ilk idi. Əgər olmuşdusa belə, bu qədər diqqət çəkməmişdi. Bazarda adam əlindən tərpənmək mümkün deyildi. Bütün piştaxtaların qarşısı dolu idi. Kimi lampalardan hazırladığı yeni il oyuncaqlarını, kimi yolka, ayaqqabı, şaxta baba formasında bişirdiyi şirniyyatları, kimi toxuduğu uşaq geyimlərini, kimi bezdən hazırladığı gəlincikləri, kimi də köhnə yolkasını satışa çıxarmışdı. Bazardakı ən ucuz suvenirin qiyməti 80 qəpikdən başlayırdı. Orta qiymət isə 5 manat idi. Bahalı rəsm əsərləri, yeni ilə aid stəkan, nəlbəki, illərdən qalma şərab, antikvar xalça-palaz və s. də var idi. Bu tip əşyaların minimum qiyməti 50-60 manatdan başlayırdı.
Bazara hazırladığı suvenirləri ilə gələn Svetlana Məmmədova deyir ki, əl işlərinin əksəriyyətini orta məktəbdə oxuyanda müəlliməsindən öyrənib. İndi də bəhrəsini görür:
“O vaxt indiki kimi deyildi. İndi bilmirəm məktəblərdə əmək dərsləri qalıb, yoxsa yox. Qalıbsa da, həmin dərs ciddi keçirilmir. Bizim bir əmək müəlliməmiz vardı, yəhudi əsilli idi. Bizə o qədər gözəl şeylər öyrətmişdi ki… Bax, bu gün hazırladığım suvenirlərin əksəriyyəti ondan öyrəndiklərimdir. İstər lampalardan hazırlanmış yeni il oyuncaqları olsun, istərsə də toxuduğum quş fiqurları. Hər il hazırlayıram belə oyuncaqları. Qonşular, qohumlar, tanıyanlar sifariş verir, alırlar. Bu il göydəndüşmə oldu bu bazar. Səhərdən gəlmişəm. İndiyə kimi 200 manatdan artıq oyuncaq satmışam. Çox yaxşıdır, kaş hər il təşkil olunsun”.
Mağazalarda normal, altı dənəlik yolka oyuncağının qiyməti ölçüsündən asılı olaraq, təxminən 5-10 manat arası dəyişir. Svetlana Məmmədovanın lampadan hazırladığı bir dənə oyuncağın qiyməti isə 5 manatadır.
“Düzdür, çoxu fikirləşəcək ki, 5 manat verib bir dənə balaca oyuncaq almaqdansa, gedib həmin qiymətə 5-6 dənəsini alaram. Əvvəla deyim ki, bu, əl işidir. Adam əziyyət çəkəndə nəinki 5 manata, heç 15 manata da satmaq istəmir. İkincisi, belə oyuncaqların üstünlüyü ondadır ki, səndən başqa kimsənin yolkasında olmayacaq”.
Gənc dizayner Nərgiz Kazımova da maraqlı əl işləri ilə gəlmişdi. Buradakı yeni il suvenirləri digərlərindən daha çox təbiiliyi ilə fərqlənirdi. Məsələn, palıd qozasından hazırlanmış rəngbərəng oyuncaqlar xüsusilə gözəl görünürdü. Üstəlik, qiyməti də ucuz idi. 1 oyuncaq 1 manat idi. Biz 5-ni aldıq, 1-ini hədiyyə etdi.
Alıcılardan kimi razı, kimi də narazıdır qiymətlərdən. Leyla Müslim deyir ki, bu, çox yaxşı təşəbbüsdür. Sadəcə, rahat gəzmək problemi var: “İlk dəfə olduğundan insan axını çoxdur. Ona görə yaxşı gəzmək, baxmaq mümkün deyil. Gələn il daha geniş məkan seçsələr əla olar. Ancaq çox yaxşı təşkil edilib. Bir ay öncədən yeni il ab-havasına girdim. Az qalıram, evə gedən kimi yolka quram. Xoş oldu, maraqlı əl işləri, canlı musiqi, yeyib içmək – hamısı əla idi. İşçıxışı gəlmişəm, axşam bazarı normal qiymətə alış-veriş etmək də olur. Əl işləri olduğunu nəzərə alsaq, o qədər də baha sayılmaz”.
Emil Məmmədov isə eynisini düşünmür. Qiymətlərin baha olduğunu deyir: “Tələbə adamlarıq. Yeni ili ilk dəfə evdən uzaqda qarşılayacağıq. Dedik gedək, özümüzə yolkadan, oyuncaqdan nəsə alaq. Fikirləşdik ki, hər halda, bazar qiymətlərindən ucuz olar. Girişdə 2 manat ödədim. Ondan başqa, bir dənə yolka tapa bildik, o da baha. 2-3 dənə oyuncaq almışıq. Ən ucuz oyuncaq 2 manatadır, daha yaxşıları isə 5 manatdan başlayır”.
Kimi alış-veriş edir, kimi yeməklərin dadına baxır, kimi də musiqi dinləyir. Razı olan da var, olmayan da… Beləcə, saat 6-ya yaxınlaşır, yavaş-yavaş sona çatır Bakının ilk “Cristmas Bazar”ı.