”Bakının beynəlxalq tərəfdaşları jurnalistlərin həbsini sakit müşahidə etməməlidir”

”Sərhədsiz reportyorlar” həbslərdən narahatdır

Source:


”Sərhədsiz reportyorlar” həbslərdən narahatdır

“Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycanda daha bir jurnalistin – regional saytın redaktoru Elçin İsmayıllının həbsi barədə məlumatlardan narahatdır.

Qurumun yaydığı bəyanatda deyilir ki, Azərbaycanda uydurma ittihamlarla həbs olunan jurnalistlərin uzun siyahısına onun da adı daxil olub. (“Turan” İA)

Təşkilat hazırda ən azı 12 jurnalist, bloqqer və KİV əməkdaşının həbsdə olunduğunu qeyd edib.

Fevralın 17-də İsmayıllıda saxlandıqdan sonra məhkəmə redaktoru “ağırlaşdırıcı şəraitdə zorla pul tələb etmək” ittihamı ilə 24 gün həbs edib.

Prokurorluq onu yerli məmuru şantaj etməkdə ittiham edib. E.İsmayıllı bildirir ki, onu yerli rəhbərliyə qarşı tənqidlərə son qoymağa məcbur etmək məqsədilə ittiham saxtalaşdırılıb.

E.İsmayıllı kent.info  saytının təsisçisi və redaktorudur. Saytda korrupsiya və insan haqlarının pozulmasından yazılır.

“Redaktor dəfələrlə yerli hakimiyyətin təqiblərinə, zorakılıq, həbs, böhtan haqda iddialara məruz qalıb.

Bakının beynəlxalq tərəfdaşları Azərbaycanda jurnalistlərin həbs olunmasını sakit müşahidə etməməlidirlər.

Azərbaycan hakimiyyətinin insan hüquqları sahəsində öz öhdəliklərinə məhəl qoymamasına beynəlxalq birlik təcili reaksiya verməlidir”, – bəyanatda vurğulanır.

Təşkilat son vaxtlar baş verən hadisələrdən narahatlıq keçirdiyini qeyd edir. Belə ki, ölkədə yeganə müxalifət qəzeti olan “Azadlıq” qəzetinin 8 əməkdaşı fevralın 17-20-də prokurorluqda dindirilib. Onlar həbsdə olan maliyyə direktoru Faiq Əmirovun işi üzə dindirilib.

F.Əmirovun səhhətində ciddi problemlər olsa da hakimiyyət onu ev dustaqlığına buraxmır.

Onun həbsindən sonra qəzetin fəaliyyəti dayanıb.

Britaniya PEN klub fevralın 17-də bildirib ki, bloqqer Rəşad Ramazanovun səhhəti pisləşib. O, 2013-cü ildən həbsdədir.

Ailəsi onun səhhətinin kəskin pisləşdiyini və bir sıra ciddi xəstəliklərdən, o cümlədən vərəmdən müalicə almasının vacibliyini bildirib.

Hökuməti tənqid edən R.Ramazanov 2013-cü ilin noyabrında narkotik maddənin dövriyyəsi ittihamı ilə 9 il azadlıqdan məhrum edilib.

Azərbaycan Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 163-cü yeri tutur.

Ana səhifəXəbərlər”Bakının beynəlxalq tərəfdaşları jurnalistlərin həbsini sakit müşahidə etməməlidir”