”Bakının Baş Planına dövlət qurumlarının strateji layihələri daxil ediləcək”

Bütün hallarda tarixi abidələrin qorunması, onlara qulluq edilməsi istənilən şəhər rəhbərliyinin əsas vəzifəsi olmalıdır.

Source: google.az


Altay Göyüşov: ''Tarixi binaları dağıtmaqla məşğuldurlar''

Bakı şəhərinin Baş Planı ilə əlaqədar müxtəlif dövlət orqanları hazırda müxtəlif layihələr həyata keçirir və layihələr planlaşdırır.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev jurnalistlərlə söhbətində deyib.

Samir Nuriyevin sözlərinə görə, bütün layihələrin Bakı şəhər Baş Planına daxil edilməsi və gələcəkdə koordinasiyanın həyata keçirilməsi məqsədi ilə ilk növbədə strateji layihələr barədə aidiyyəti dövlət qurumlarına müraciət ediblər:

“Bu layihələrdən bəziləri prioritetləşdiriləcək. Biz onları strateji layihələr adlandırırıq. Bəziləri isə strateji layihələr olmasa belə, Baş Planda qalacaq və o layihələrin həyata keçirilməsi də nəzərdə tutulur. O layihələrin bir hissəsini dövlət proqramları çərçivəsində görürük və o layihələri toplayırıq. Amma eyni zamanda düşünürük ki, dövlət orqanlarının öz səlahiyyətləri çərçivəsində həyata keçirdiyi layihələr haqqında daha dolğun məlumata malikdirlər. Ona görə də biz artıq xüsusi formalar tərtib etdik ki, o layihələr haqqında məlumatları toplayaq. Həmin məlumatlar analiz və təhlil olunacaq. Həmin layihələrdən Bakı şəhər Baş Planının həyata keçirilməsi üzrə prioritetlərə cavab verən qismi daha çox strateji və prioritetləşdirilmiş layihələr olacaq”.

415114454.jpg
Samir Nuriyev

Samir Nuriyev təmsil olunduğu komitənin Bakı şəhərinin Baş Planı üzrə məlumatların 90-95 faizinin toplandığını deyib.

Prezidentin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmannı xatırladan Samir Nuriyev əlavə edib ki, 59 çoxmənzilli yaşayış binaları kompleksinin istismarına icazə veriblər:

“Fərmana uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 59 layihəni təsdiq edib. Bu isə 11 mindən artıq ailənin mənzil ilə təmin edilməsi deməkdir. Yəni, 11 mindən çox ailə mülkiyyət hüququnu təsdiq edən sənəd əldə edib. Bundan başqa 400-ə yaxın bu cür layihə mövcuddur. Aidiyyəti dövlət qurumları öz işlərini bitirib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verdikdən 1 həftə sonra mülkiyyət hüququnu təsdiq edən sənəd verilir. İlin sonuna qədər fərmanda qeyd edilən işlər başa çatdırılacaq. Ancaq müəyyən yerlərdə hələ də nöqsanlar aşkar edilir. İş adamlarını mövcud nöqsanları aradan qaldırmağa səsləyirik”.

Meydan TV-ə məsələ ilə bağlı danışan tarixçi-alim Altay Göyüşov arxitektor olmadığını söyləsə də, hesab edir ki, Baş Plan tarixi binaların qorunması prinsipi üzərində hazırlanmalıdır:

Altay Göyüşov
Altay Göyüşov

“Təəssüf ki, Azərbaycan hökuməti köhnə məhəllələri, tarixi binaları dağıtmaqla məşğuldur. Belə şəhər quruculuğu olmur. Yeni binalar, xüsusən hündürmərtəbəli binalar şəhərdən kənarda tikilməlidir. Parisi götürək – mərkəzi necə var, elə də saxlayıbılar. Bakıda isə köhnə hamamı söküb yerində 16 mərtəbəli bina tikirlər. Bu, paytaxtın məhv edilməsi deməkdir. Bütün hallarda tarixi abidələrin qorunması, onlara qulluq edilməsi istənilən şəhər rəhbərliyinin əsas vəzifəsi olmalıdır”.

Altay Göyüşovun başqa bir narahatlığı şəhər merinin olmamasıdır:

“Mən bu cür idarəçiliyinin səmərəliliyinə inanmıram. Ətrafımızdakı ölkələrin iri şəhərlərinin merləri seçilir. Yeganə ölkəyik ki, meri ölkənin başçısı təyin edir. Azərbaycan hökumətini puldan başqa heç nə maraqlandırmadığından tarixi abidələri özlərinin qazanclarına qurban verməyə hazırdırlar”.

Ana səhifəXəbərlər”Bakının Baş Planına dövlət qurumlarının strateji layihələri daxil ediləcək”